“Mançester Yunayted”in həmsahibi Cim Retkliff “qırmızı şeytanlar”ın kapitanı Bruno Fernandes haqda fikrini bildirib.
Arena.az britaniyalı milyarderin bu barədə fikrini təqdim edir:
“Kapitanımız möhtşəm futbolçudur. Bruno bizə mütləq gərəkdir. O, fantastik futbolçudur”, deyə Cim Retkliff vurğulayıb.
Xatırladaq ki, klubun həmsahibi Bruno Fernandesdən razılığını dilə gətirsə də, “qırmızı şeytanlar”ın azarkeşləri komandanın uğursuz çıxışı mənzərəsində portuqal futbolçudan da narazıdırlar.
Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən keçib. Fernandesin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 42 oyun keçirib, 12 qol vurub, 13 məhsuldar ötürmə verib.
Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 275 oyun, 91 qol və 79 məhsuldar ötürmədən ibarətdir.
Portuqaliyalı futbolçu daha öncə “Novara”, “Udineze”, “Sampdoriya”, “Sportinq” kimi klubların da formasını geyinib.
Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 76 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 25 qol vurub, 22 məhsuldar ötürmə verib.
Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” və Portuqaliya yığmaları ilə bağlıdır.
“Transfermarkt” internet-portalı 30 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.