AZ

Vəkillər Kollegiyasının sədri: Qadın vəkillərin sayı 20 faizi keçir

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycanda gender bərabərliyinin təmin olunması və qadınların hüquqlarının qorunması istiqamətində mühüm addımlar atılır. Vəkillər Kollegiyasının tərkibində qadın vəkillərin sayı 20 faizi keçir və bu sahədə qadın hüquqşünasların şəbəkələşməsi və onların qarşılaşdığı gender əsaslı çətinliklərlə mübarizə məqsədilə Qadın Vəkillərin Alyansı yaradılıb. Eyni zamanda, uşaqların hüquqlarının qorunması da dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikasının “Uşaq Hüquqları haqqında” Qanunu və BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsasən, uşaqların hüquqlarının qorunması üçün hüquqi çərçivələr mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləməsində çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, ailə cəmiyyətin əsas institutu olaraq dövlətin əsas dayaqlarından biridir. “Azərbaycan dövləti ailə institutunun qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi üçün bir sıra islahatlar həyata keçirir. Ümummilli Lider Heydər Əliyev ailə sahəsindəki siyasətin əsasını qoyub, bu gün bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir. 2024-cü il 28 dekabr tarixli Sərəncamla 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib və bu, hüquq və azadlıqların daha da qorunmasına təsir göstərəcək. Ailə, qadın və uşaq hüquqları ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi mühüm prioritetdir. Bu istiqamətdə, ölkəmizdə müxtəlif ictimai dinləmələr keçirilərək həmin sahədəki boşluqların aradan qaldırılması məqsədilə müzakirələr aparılır. Nəticə etibarilə, ailə, qadın və uşaq hüquqlarının qorunması sahəsində dövlətin səyləri davamlı olaraq gücləndirilir. Bu sahədəki islahatların uğurlu həyata keçirilməsi üçün cəmiyyətin hər bir üzvü və dövlət qurumları birgə fəaliyyət göstərməlidir”, - deyə Anar Bağırov əlavə edib.

 

Seçilən
25
azertag.az

1Mənbələr