Bakı, 12 mart, AZƏRTAC
Qadın hüquqları və ailə məsələləri ilk dəfə Azərbaycan Konstitusiyasında dəqiq şəkildə təsbit olunub. Konstitusiyamızda ümumilikdə insan hüquqlarına, o cümlədən qadın hüquqlarına böyük əhəmiyyət verilir. Azərbaycan qadını müasir dünya hüquqlarından tam şəkildə istifadə edir. Artıq qadınların idarəetmədə rolu artır. Onların cəmiyyətin və dövlətin idarə olunmasında iştirakları daha da canlanır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ailə, qadın və uşaq məsələləri komitəsinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində martın 12-də keçirilən “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləməsində çıxışı zamanı səsləndirib.
Komitə sədri, həmçinin hüquq sahəsində, xüsusilə hakimlər arasında qadınların üstünlük təşkil etdiyini qeyd edib və qadın-kişi bərabərliyinin Azərbaycanda çox yaxşı təmin olunduğunu bildirib. “Ölkənin suverenliyində Azərbaycan qadını çox böyük paya sahibdir. Azərbaycanın qanunvericilik sahəsində qadınların hüquqlarının qorunmasına və ailə institutunun gücləndirilməsinə böyük önəm verilir”, - deyə Ə.Hüseynli əlavə edib.