Bugün Azərbaycan Respublikasının Milli Məclisində “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmə keçirilir.
İctimai dinləmədə iştirak edən “Sosial - İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva QHT.az-a açıqlamasında "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı çərçivəsində bu tədbirin əhəmiyyətini vurğulayıb. O, dinləmənin əsas mövzusunun “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” olduğunu bildirib:
“Bugünkü ictimai dinləmə ailə, qadın və uşaq hüquqlarının qorunması məsələlərini müzakirə etmək və bu sahədəki dövlət təşəbbüslərini dəstəkləmək üçün böyük bir fürsətdir. Ədliyyə Nazirinin müavini Abiddin Hüseynovun boşanmış ailələrlə aparılan görüşlərdə psixoloqların rolunu vurğulaması, bu sahədə psixoloji dəstəyin əhəmiyyətini bir daha ortaya qoydu. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın geniş təqdimatında isə dövlətin ailə və qadın hüquqlarının qorunması istiqamətində irəlilədiyi addımlar müzakirə edildi. Bu cür tədbirlər həm də dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığını gücləndirir və hüquqların qorunması sahəsində daha yaxşı nəticələr əldə etməyə imkan verir.”
QHT sədri bildirib ki, açıq dinləmədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, deputat Əli Hüseynli və deputat Azər Allahverənovun da çıxışları ailə hüquqları, vergi qanunları və bu məsələlərin hüquqi çərçivəsi haqqında müzakirələrə səbəb olub. Rahilə Mehdiyeva bu tədbirin ailə məsələlərinin daha dərindən müzakirə edilməsi və həll yollarının tapılması baxımından mühüm olduğunu vurğulayıb:
“Son zamanlar Milli Məclisin QHT-ləri tədbirlərə dəvət etməsi, QHT əməkdaşlığının qiymətləndirilməsi deməkdir. Bizim təşkilat olaraq, bu cür müzakirələrdə iştirakımız çox önəmlidir, çünki ailə və qadın hüquqlarının qorunması cəmiyyətin sağlam inkişafı üçün əsas şərtdir.”
Pərvanə Fərhadqızı
QHT.az