AZ

Deputat: “Avropa Azərbaycan qazına ehtiyac duyur”

“Dünən Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycana rəsmi səfər etdi. Prezident İlham Əliyevin mətbuat üçün açıqlamasında da bəyan etdiyi kimi, qısa müddət ərzində iki ölkənin prezidentlərinin ikinci dəfə bir araya gəlməsi ikitərəfli münasibətlərimizin inkişafı istiqamətində fəal iş aparıldığını və ölkələrimiz arasında siyasi dialoqun dinamik xarakter aldığını bariz şəkildə göstərir”. 

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib. 

O bildirib ki, bu gün ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq inkişaf edir: 

“Son aylarda iki ölkə energetika sahəsində əməkdaşlığa başlayıb. Azərbaycan qazı artıq ötən ilin sonlarından etibarən Şimali Makedoniyaya çatdırılıb. Hazırda Azərbaycanın yeni qaz yataqlarının istismara verilməsi istiqamətində apardığı fəal çalışmalar gələcəkdə bu ölkəyə lazım olan həcmdə qaz təchizatını artırmağa imkan yaradır. Prezident İlham Əliyevin də söylədiyi kimi, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ölkələrdən 10-u Avropa məkanındadır. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür”. 

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir:

“Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz edib. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq nəticə etibarilə digər sahələrdə də əməkdaşlığın əsasını qoymaqdadır. Əminik ki, Şimali Makedoniya Prezidentinin ölkəmizə səfəri, səfər çərçivəsində keçirilən görüşlər və əldə edilən nəticələr əməkdaşlığın bütün sahələr üzrə sürətlə inkişafa təkan verəcək”. 

“Cebheinfo.az”

Seçilən
13
cebheinfo.az

1Mənbələr