Bu gün güləşçilərimiz 1-i qızıl olmaqla medallar qazana bilərlər.

Offsideplus.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında 8 idmançımız mübarizə aparacaq. Təmsilçilərimiz təsnifat mərhələsi, təsəlliverici görüş və 1/8 final üçün görüş saat 13:30-da start götürəcək. Final görüşü və bürünc medal uğrunda görüş isə 21:00-da başlayacaq.
Qarşılaşmalarda aşağıdakı idmançılarımız mübarizə aparacaq:

57 kq – Gültəkin Şirinova Türkiyə təmsilçisi Emine Çakmak ilə təsəlliverici görüş keçirəcək.
55 kq – Elmir Əliyev Moldovalı Maksim Sarmanovla təsnifat mərhələsində qarşılaşacaq.
63 kq – Ziya Babaşov İsveçli Aleksandr Vafai ilə təsnifat mərhələsində gücünü sınayacaq.
87 kq – Cocu Səmədov Ermənistanlı Viqen Nazaryanla təsnifat mərhələsində görüşəcək.
130 kq – Ayxan Mərdanov Çexiya idmançısı Artur Sakisyanla təsnifat mərhələsində mübarizə aparacaq.
77 kq – 1/8 finalda Xəyal Həsənli yunan Andreas Vasilakopul ilə qarşılaşacaq.
54 kq - Elnurə Məmmədova isə bu gün qızıl medal qazana bilər. O, Ekaterina Karpuşinka ilə mübarizə aparacaq.
65 kq - Ruzanna Məmmədova isə bürünc medal uğrunda Ukrayna təmsilçisi Rıbak ilə Türkiyə təmsilçisi Akkuşun qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün Günay Qurbanova qızıl medal qazanıb. Bundan başqa,  Tiranada keçirilən yarışda Azərbaycanın kişilərdən ibarət 23 yaşadək sərbəst güləşçiləridə Avropa çempionu olub.