Bakı, TurkicWorld
PKK (Kürdüstan Fəhlə Partiyası) 1978-ci ildə Abdullah Öcalan tərəfindən Türkiyənin cənub-şərqində qurulmuş və əvvəlcə kürd xalqının sosial və siyasi hüquqlarını müdafiə etməyi məqsəd qoymuş bir təşkilatdır. Lakin zamanla bu təşkilat, marksist-leninist ideologiyaya əsaslanan bir silahlı qruplaşmaya çevrilmiş və məqsədini daha geniş, bəzən separatçı hədəflərlə əlaqələndirmişdir.
PKK-nın ideologiyası sosialist və kommunist prinsiplərinə əsaslanır. Təşkilat öz məqsədlərinə çatmaq üçün silahlı mübarizəni əsas alıb və zamanla terrorizm taktikasına yönəlib. PKK öz mübarizəsini əvvəlcə kürd xalqının azadlığı və hüquqları adı altında aparsa da, sonradan onun fəaliyyətinin əsas məqsədi kürd dövlətinin yaradılması və bölgə dövlətlərinin sərhədlərinin dəyişdirilməsi olub. PKK özünü kürdlərin hüquqlarını müdafiə edən bir təşkilat olaraq təqdim etsə də, zamanla müxtəlif kürd qruplarının və hətta bəzi kürd əhalisinin etirazına səbəb olub. PKK-nın törətdiyi terror aktları, kürd əhalisi arasında da böyük narazılığa yol açmışdır. PKK-nın mübarizəsi nəticəsində kürd xalqının əsl hüquqları təmin olunmayıb, həm də çoxsaylı kürd və türk mülki şəxslərinin ölümünə səbəb olub.
Təşkilatın fəaliyyətləri bəzən kürd əhalisinin özünü də təhdid altına qoyub. Çünki PKK-nın silahlı əməliyyatları, kürd kəndlərində də çoxsaylı fəlakətlərə yol açmış, əhalinin böyük bir hissəsi evlərini tərk etmək məcburiyyətində qalıb.
Bildiyimiz kimi, 2025-ci il fevralın 25- də Abdullah Öcalan tərəfdarlarına çağırış edib. O bildirib ki, bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. Həmçinin, silahı yerə qoymağa çağırdığını və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərinə götürdüyünü qeyd edib. Gec olsa da terrorçular anlayıblar ki, terror fəaliyyəti onları istədikləri məqsədə çatdırmayacaq. Bu baxımdan Türkiyədə, elə həm də regionda tarixi anlar yaşanır deyə bilərik.
TurkicWorld xəbər verir ki, mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Trend BİA-nın baş direktorunun müavini, siyasi şərhçi Rufiz Hafizoğlu bildirib ki, 1984-cü ildən etibarən PKK terror təşkilatı, əsasən Türkiyə, Yaxın Şərq, İraq və Suriyada bir sıra terror aktları həyata keçirib: “Bu terror aktları nəticəsində ölənlərin sayı ilə bağlı iki fərqli məlumat var: birincisində 40 minə qədər dinc insanın öldüyü, digərində isə terror qurbanlarının sayının 100 mini keçdiyi qeyd olunur. 1994 və 2004-cü illərdə PKK atəşkəs elan etsə də, bu atəşkəslər yalnız vaxt qazanmaq, təşkilatın gücünü bərpa etmək və daha çox silah əldə etmək məqsədi güdüb. Bir sözlə, dincəlmək məqsədi daşıyıb. Fevralın 27-də bu il əldə olunan danışıq Türkiyə üçün, eyni zamanda terrordan əziyyət çəkən türk xalqı üçün və həmçinin kürdlərin özü üçün də önəm daşıyır”.
Onun sözlərinə görə, bəzən çox yanlış bir təsəvvür yaranır ki, PKK kürdlərin təmsilçisidir. Lakin bu, yanlışdır: “PKK heç vaxt kürdlərin təmsilçisi olmayıb, çünki bu təşkilat leninist və marksist bir qurumdur. PKK kürd kimliyi altında gizlənən qanlı terror təşkilatıdır. Onun ipi hər zaman Rusiyanın əlində olub. Amma son hadisələrdə biz gördük ki, xüsusən də Suriyada öz sahibini dəyişdirdi və sanki bir əl dəyişdirmiş kimi oldu. Türkiyədə, xüsusən də Cənub-Şərq bölgəsində kürd məsələsi yox, yalnız PKK problemi olub. PKK həm türk xalqına, həm də kürdlərin dindar aşiretlərinə ciddi təhlükə yaradıb”.
Siyasi şərhçi qeyd edib ki, əldə olunan müqavilə, çox önəmlidir: “Amma çox ciddi suallar doğuracaq məqamlar var: “Təcrübə göstərir ki, PKK-nın siyasi uzantıları zaman-zaman sülh və qardaşlıqdan danışsalar da, həqiqətdə heç vaxt buna hazır olmayıb. Bu, sadəcə pərdələnmə olub. Ən böyük suallardan biri, terrorbaşı Abdullah Öcalanın taleyi ilə bağlıdır. “Öcalan azadlığa buraxılacaqmı yoxsa yox?” , “Onun çağırışları digər kürd qrupları tərəfindən necə qəbul ediləcək?” Hər nə qədər Öcalan PKK tərəfindən lider kimi qəbul edilsə də, bu gün siyasi konyunktura tamam fərqlidir.
Bildiyimiz kimi,Suriyada PKK-nın qolu olan Suriya Demokratik Qüvvələri (SDQ) ilə mərkəzi hakimiyyət arasında görüş olub. Onlar silahları təhvil verməyə razı olub. SDQ-nin nəzarəti olan ərazilərdə bəzi üzvləri “müstəqillik” uğrunda mübarizəni davam etdirmək istədiklərini bəyan ediblər və bu bölgə üçün əlavə gərginlik yaradır. Bu razılaşma Türkiyənin və bölgənin maraqlarına xidmət edir.
Gəlin biz PKK haqqında və yaxud da ümumiyyətlə özünü kürdlərin müdafiəçisi adlandıran bu qurumlar haqqında danışanda İranda olan və İran hökuməti tərəfindən zaman-zaman Türkiyə, İraq, bölgə əleyhinə dəstəklənən qrupları, eyni zamanda İrana qarşı da mübarizə aparan qrupları umutmayaq”.
“PKK şifahi və ya yazılı silahı yerə qoymaq haqqında bəyanat verib. Bəs İran ərazisində olan terror təşkilatları necə olacaq? Çünki İranın PKK-nı həmçinin, digər kürd təşkilatlarını Türkiyəyə qarşı dəstəklədiyinin şahidi olmuşuq. Bu fəaliyyət yalnız türk xalqına deyil, həmçinin İraq və Suriya əleyhinə də fəaliyyətlərə səbəb olub. PKK-nın hər nə qədər vahid libas və vahid düşüncə altında toplandığını qeyd etsək də, burda çox fərqli məqamlar var.
PKK-nın içində İran, Rusiya və ABŞ kimi böyük qüvvələrin maraqları var. Bunu da xüsusi qeyd edim ki, hələ də Rusiya PKK-ya olan münasibətini kəsməyib. Çünki Suriyada mərkəzi hökumət qüvvələri, ümumiyyətlə yeni hökumətin nəzarətinə keçən bəzi ərazilərdə (PKK yönlü qüvvələrin olduğu) ruslarla aparılan işbirliyi haqqında müxtəlif sənədlər aşkar edilib. Bu baxımdan bunun asan olmayacağını düşünürəm.
Eyni zamanda, yeni Suriya hökuməti müəyyən əməliyyatlar başladığı təqdirdə, solçu, marksist-leninist qüvvələrin birləşməsinə səbəb ola bilər. Bu, həssas bir mərhələdir və biz bu dövrü keçirik. Ümumilikdə, Türkiyənin terrorizm bəlasından azad olması və regionda terrorizm təhdidinin aradan qaldırılması çox önəmlidir”,- deyən ekspert fikrini yekunlaşdırıb.