“Mançester Yunayted”in ortaq sahibi Cim Retkliff yay transfer pəncərəsində heyətə cəlb olunan futbolçulardan danışıb.
Msport.az xəbər verir ki, funksioner komandanın ovaxtkı baş məşqçisi Erik ten Haqın da transfer məsələsində söz sahibi olduğunu bildirib.
Retkliffin sözlərinə görə, məhz niderlandlı mütəxəssisə görə heyətə onun 2 həmyerlisi cəlb edilib: “Unutmamalısınız ki, vaxtımız az idi. Həm də ten Haqla bağlı qeyri-müəyyənlik hökm sürürdü. Onun postunda saxlayıb-saxlamayacağımızı, transfer məsələlərinə cəlb edib-etməyəcəyimizi bilmirdik. Amma ten Haq müzakirələrdə iştirak etdi, lakin bunlar bir nəfərin deyil, klubun ümumi qərarları idi. Baş məşqçinin transferlərə təsiri var idi. Ona görə də biz 2 niderlandlı oyunçu götürdük”.
Xatırladaq ki, 2024-cü ilin yayında “Mançester Yunayted” müdafiəçilər Leni Yoro, Nussayr Mazraui və Matteys de Lixt, yarımmüdafiəçi Manuel Uqarte və hücumçu Coşua Zirkzeni transfer edib.