AZ

Fiziyev yarımyüngül çəkiyə keçə bilər: “Bu barədə düşünməliyəm”

Castin Qetji ilə revanş görüşündə məğlubiyyətlə üzləşən Rafael Fiziyev yarımyüngül çəki dərəcəsinə keçməyi ciddi düşünür.

İdman.biz xəbər verir ki, azərbaycanlı yüngülçəkili (70 kq) döyüşçü bu barədə idman şərhçisi Ariel Helvaniyə müsahibəsində deyib.

O, hazırda çəki kateqoriyasını dəyişdirməyi düşündüyünü etiraf edib: "Divizionu dəyişdirmək barədə ciddi düşünürəm, çünki bu dəfə çəkimi çox asanlıqla lazımı vəziyyətə gətirdim və bu, qısa zamanda təyin edilən döyüş idi. Bütün həftə ərzində dietoloqum Ceyson çəkimi artırmağa çalışdı, çünki çəkim kəskin şəkildə azalmışdı. İndi bu barədə düşünməliyəm”.

Fiziyevin sözlərinə görə, o, artıq növbəti döyüşündə yeni çəki dərəcəsində debüt edə bilər və dərhal yarımyüngül çəkidəki aparıcı döyüşçülərlə qüvvəsini sınamağa hazırdır: “Mən ən yaxşı döyüşçülərlə, ilk "onluq"dakılardan biri ilə döyüşmək istəyirəm. Həmin 10 döyüşçünün hamısı mənim üçün maraqlıdır. Gəlsəm, onları problemlər gözləyir. Çətinliyə düşəcəklər, elə hamısı”.

Qeyd edək ki, Fiziyevin keçən həftəsonu UFC 313 turniri çərçivəsində yüngül çəkidə Qetji ilə döyüşü hakimlərin yekdil qərarı ilə amerikalının qələbəsi ilə başa çatıb.

İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr