Azərbaycanda 3 və daha artıq uşaqlı ailələrin sayı getdikcə azalır.
Sherg.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
“Konstitusiyada da var ki, dövlət çoxuşaqlı ailələrə dəstək göstərir. Bu gün ailənin çoxuşaqlı statusu alması üçün 5 və 5-dən çox uşaq olması nəzərdə tutulur. Biz gələcəkdə çoxuşaqlı ailələrin sayını artırmaq üçün qanunvericilikdə bu meyarları gözdən keçirməliyik.
Bununla yanaşı, doğulan uşaqların cins nisbətində ciddi problemlər var. Bu bizi düşündürür, bu istiqamətdə qanunvericilik təkmilləşdirilməlidir. Abortların sayının artması da ciddi məsələdir, bunun da özünəməxsus xüsusiyyətləri var. Bu, demoqrafik inkişafa çox ciddi təsir göstərir”, - Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri qeyd edib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, Azərbaycanda çoxuşaqlılıq statusu beş uşaqlı ailələrə şamil edilmir:

“Yumşaq görünsün deyə qanunda belə yazılıb. Amma doğrusu odur ki, altı və daha çox uşağı olan ailələr çoxuşaqlı sayılır. Yəni beş uşaqlı ailələr çoxuşaqlı sayılmır və o imtiyazlardan yararlanmır. Mən çoxdan təklif edirəm ki, üç uşağı olan ailələr imtiyazlara sahib olmalıdır, çünki çoxuşaqlı sayılır. 10 il bundan öncə üç uşaqlı normal idi. Lakin hazırkı vəziyyətimizdə üç uşaqlı ailə çoxuşaqlı sayılır. Çünki insanlar bir və ya iki uşaqla kifayətlənirlər. Çox az ailənin və yaxud da artıq uşağı var. Ona görə də demoqrafik artıma öz töhvəsini verən üç və daha artıq uşağı olan ailələr çoxuşaqlılıq, meyarına tabe edilməli və imtiyazlardan yararlanmalıdır. Bu ailələrə bir növ təşviq olacaq imtiyazı olsun deyə çoxuşaqlılığa meyilli olacaq. İnsanlar dolanma sıxıntıları, maddi problemlər yaşadığı üçün üç uşaq dünyaya gətirmək istəmirlər. Bu da təbii ki, öz təsirini üç, beş ildən sonra demoqrafik artım da göstərir və göstərəcək də. Bir uşaqlı ailə cırtdan ailə, iki uşaqlı ailə isə kiçik ailə modelidir. Yəni ata, ana və bir uşaqdan ibarət olan ailələr demoqrafik artımda rol oynamırlar və onların artıma qatqısı olmur. Təbii ki, maddi qayğılar səbəbindən ailə, daha artıq uşaq istəmədiyinə görə demoqrafik artımda da problemlər yaranacaq. Ailələrin daha çox uşaq dünyaya gətirməsi və böyütməsi üçün dövlət də əlini daşın altına qoymalıdır. Uşaq pulu məsələsini gündəmə gətirməli, çoxuşaqlılıq meyarının sayını azaltmalı, imtiyazlar qoyulmalıdır”.