Ukraynada atəşkəs və ABŞ-nin bu ölkəyə yardımının bərpası G7 xarici işlər nazirlərinin Kanadada keçiriləcək görüşünün əsas mövzuları olacaq.
Bu barədə İtaliyanın xarici işlər naziri, baş nazirin müavini Antonio Tajani “Nova” agentliyinə müsahibəsində bildirib.
Görüşdə ABŞ dövlət katibi Marko Rubio da iştirak edəcək.
“Rusiyanın Ukraynaya təcavüzünün tez bir zamanda dayandırılmasını istəyirik: biz avropalılar amerikalılarla birləşərək bu məqsədə nail ola bilərik”, - deyə Tajani əlavə edib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.