AZ

Qohum evliliyi qadağasına məşhur müğənnidən reaksiya: “Ruslar əmiqızına...”

Bu ilin iyul ayından Azərbaycanda yaxın qohumlar arasında nikah qadağan olunacaq. 

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə ədliyyə nazirinin müavini Abiddin Hüseynov deyib.

Nazir müavini bildirib ki, qəbul olunan qanunlara əsasən, Azərbaycanda nikah yaşının aşağı salınmasına qanunla verilən imkanın aradan qaldırılması, bu ilin iyulundan qüvvəyə minəcək qanuna əsasən yaxın qohumlar arasında nikahın qadağan olunması əhalinin sağlamlığının qorunmasına yönəlib: 

"Erkən nikahlarla daha effektiv mübarizə aparmaq üçün Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni müddəalar əlavə edilib. Eyni zamanda erkən nikahların qarşısının alınması, rəsmi nikahdan kənar nikaha girmənin qarşısının alınması üçün işlər aparırıq.

Nikahın pozulması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edən şəxslərə psixoloq xidməti təklif olunur. Psixoloqa müraciət etdikdən sonra həmin şəxslərin 20 faizi boşanmaqdan vaz keçir. Bu istiqamətdə iş gedir. Bu məsələnin qanunla tənzimlənməsi nəzərdə tutulur”. 

Qeyd edək ki, 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib.

Öz qohumu ilə ailə həyatı qurduğu deyilən müğənni Vasif Məhərrəmli mövzu ilə bağlı “Cebheinfo.az” -a açıqlamasında yaxın qohumu ilə evli olmadığını bildirib. Müğənni uzaq qohumlar arasında evliliyin normal olduğunu qeyd edib:

“Mənim ikinci evliliyim çox uzaq bir qohumumladır. "Körpü məsələsi" deyirlər e, bax ondan.

Qohum evliliyi əmi, dayı, xala, bibi uşaqları arasında qadağandır. Qalan qohum evlilikləri normaldır. Məsələn, xalamın əmisi qızının oğlu, anasının xalası qızının nəvəsi və s. Yəni burada çox uzaq qohumluq əlaqəsi var.

Hökumət çox yaxın qohumlar arasında evliliyi qadağan edir. Ruslar əmiqızına bacı deyir. Uzaq qohumlar üçün belə bir məhdudiyyət yoxdur. Məsələn, atalarınız əmi uşağıdır, normal, yəni gedin evlənin. Hökumət ona qadağa qoymur ki”. 

Qeyd edək ki, Vasif Məhərrəmli 2013-cü ildə ikinci dəfə öz qohumu Nüşabə adlı xanımla ailə qurub. Müğənninin ilk nikahından bir qızı, ikinci nikahından isə bir oğlu var. 

Seçilən
8
cebheinfo.az

1Mənbələr