Niderland parlamentində əksəriyyət krallığın Avropa Komissiyasının (AK) Avropanı yenidən silahlandırmaq təşəbbüsündə iştirakının əleyhinə səs verib.
HİT.az xəbər verir ki, bu barədə “Volkskrant” qəzeti yazıb.
"Niderland Nümayəndələr Palatası (parlamentin aşağı palatası) kiçik fərqlə (71 səs əleyhinə, 73 səs leyhinə) Niderlandın Avropanın yenidən silahlanmasına dair Avropa planında iştirakına qarşı çıxıb", deyə nəşr qeyd edib.
Qəzetin yazdığına görə, hakim koalisiyadakı dörd partiyadan üçü - Azadlıq Partiyası (PVV), Fermerlər və Vətəndaşlar Hərəkatı (BBB) və Yeni Sosial Müqavilə (MTK) Avropanı yenidən silahlandırmaq planına qarşı çıxıb.
Beləliklə, nəşr qeyd edir ki, səsvermənin nəticələri Niderlandın baş naziri Dik Şofu çətin vəziyyətə salıb, çünki o, bu planı həyata keçirməyə razılaşıb.
Buna görə də səsvermənin nəticələri Şofu Avropa Komissiyasının təklifinə düzəliş etmək üçün Brüsselə qayıtmağa məcbur etməlidir. Öz növbəsində, Niderland hökumətinin başçısının koalisiyadakı əleyhdarları hesab edirlər ki, yenidən silahlanma planı böyük maliyyə riskləri daşıyır.
Martın 4-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa İttifaqını 800 milyard avro məbləğində yenidən silahlandırmaq planını təklif edib. AK həmçinin Aİ ölkələri üçün hava hücumundan müdafiə sistemlərinin və Ukrayna üçün silahların istehsalı üçün 150 milyard avro kredit cəlb etmək niyyətindədir.
Fevralın sonunda "Financial Times" qəzeti avropalı rəsmilərə istinadən xəbər verir ki, Aİ ölkələri Avropanın yenidən silahlanma bankının və ümumavropa müdafiə maliyyəsi üçün fondun yaradılmasını müzakirə edir.
Samir