AZ

“Müasir Azərbaycan Akvarelçiləri” kitab-kataloqunun təqdimatı keçiriləcək

Bakı, 12 mart, AZƏRTAC

Martın 13-də Xətai Sənət Mərkəzində “Müasir Azərbaycan Akvarelçiləri” kitab-kataloqunun təqdimatı keçiriləcək, həmçinin “Akvarel Rəssamlığın Ruhudur” adlı sərgi açılacaq.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbir “Global Art Network”, Azərbaycan Rəssamlar İttifaqı, Sumqayıt Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Sumqayıt və Azərbaycan nümayəndəlikləri, Xətai Sənət Mərkəzi və EMEDİA Group-un təşkilatçılığı ilə reallaşacaq.

Layihənin əsas məqsədi akvarel texnikası ilə işlənmiş əsərlərə ictimai marağı artırmaq, müasir Azərbaycan akvarelçilərini tanıtmaq və onların əsərlərini beynəlxalq sərgilərə çıxarmaqdır. Eyni zamanda, bu sənət növünün inkişafına töhfə vermək, yeni istedadları üzə çıxarmaq və akvarel texnikasını daha geniş auditoriyaya təqdim etmək layihənin mühüm vəzifələrindən biridir. Akvarel texnikasının özəlliyi suyun şəffaflığı və boya ilə harmoniyasından ibarətdir. Su saflıq və təmizlik rəmzi kimi – akvareldə rəssamın ruhunun kağıza köçürülməsinə vasitəçi olur. Bu sərgidə təqdim olunacaq əsərlər rəssamların daxili dünyasını, hiss və düşüncələrini akvarelin incəliyi ilə ifadə edir.

Layihənin ideya müəllifi və sərginin kuratoru Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Sulu Boya Cəmiyyətinin üzvü, Beynəlxalq Sulu Boya Cəmiyyətinin Sumqayıt nümayəndəliyinin rəhbəri, Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşı İntiqam Cəfərovdur. Layihənin məsləhətçiləri Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, “Qlobal Network” Beynəlxalq Sulu Boya Cəmiyyətinin təsisçisi və prezidenti Atanur Doğandır.

Sərgidə Əlisəttar Səlimov, Rais Rəsulzadə, Sabir Məmmədov, Pərviz Əliyev, İlham Mirzəyev, Akif Hüseynov, Tofiq Əhmədov, Bayram Qasımxanlı, Murad Kərimov, Hafiz Kərimov, Səbinə İsgəndər, Emin Nəbiyev, Abbas Məmmədov və ümumilikdə 75 akvarelçi rəssamın əsərləri nümayiş olunacaq.

Sərgi Azərbaycan akvarel sənətini daha geniş auditoriyaya tanıtmaq və gənc rəssamları bu texnikaya həvəsləndirmək baxımından mühüm hadisədir. İki gün davam edəcək sərgi, izləyicilərə akvarel sənətinin müxtəlif üslub və yanaşmalarını yaxından tanımaq, rəssamların əsərlərindəki ifadə imkanlarını anlamaq və bu texnikanın unikal gözəlliyini kəşf etmək imkanı yaradacaq.

İki gün davam edən sərgiyə giriş sərbəstdir.

 

Seçilən
18
azertag.az

1Mənbələr