“Alibaba” süni intellekt sahəsində “OpenAI” ilə rəqabətə girir
"Alibaba Group Holding Ltd." insan emosiyalarını anlamağa yönəlmiş yeni süni intellekt modelini təqdim edib. Bu, "OpenAI"-nin son nailiyyətləri ilə rəqabət aparmaq üçün atılmış strateji addım hesab olunur.
"Cebheinfo.az"-ın "Bloomberg"-ə istinadən verdiyi məlumata görə, "Alibaba"-nın "Tongyi" laboratoriyasının tədqiqatçıları yeni "R1-Omni" adlı açıq kodlu süni intellekt sistemini nümayiş etdiriblər. Bu model videoda insanın emosional vəziyyətini təyin edir, onun geyimi və ətraf mühiti haqqında təsvirlər təqdim edir. "R1-Omni" kompüter görmə texnologiyasını daha da təkmilləşdirərək insanları daha yaxşı anlamağa imkan verir. Bu, həmin laboratoriyanın baş tədqiqatçısı Ciaxin Çjao tərəfindən yaradılmış "HumanOmni" adlı əvvəlki modelin daha inkişaf etmiş versiyasıdır. Xatırladaq ki, son dövrlərdə "Alibaba" süni intellekt sahəsində liderliyə iddialı addımlar atır.
Yanvarda təqdim edilən "DeepSeek" modeli böyük səs-küy yaratdı. Şirkət eyni zamanda müxtəlif sahələr üzrə süni intellekt alətləri və tətbiqlərini yeniləməyə başlayıb. O, öz "Qwen" modelini "DeepSeek" ilə müqayisə edir, həmçinin "Apple Inc. " ilə iPhone-da süni intellekt sahəsində böyük bir tərəfdaşlıq müqaviləsi bağlayıb. Görünür, Alibaba OpenAI ilə rəqabətə girməyə hazırlaşır. Şirkət "R1-Omni" modelini "Hugging Face" platformasında pulsuz yükləmə üçün təqdim edib.b
OpenAI bu ilin əvvəlində GPT-4.5 modelini istifadəyə verib. San-Fransiskoda yerləşən startapın verdiyi məlumata görə, yeni model istifadəçilərin yazılı sorğularındakı incə məqamları daha yaxşı anlayır və onlara uyğun cavab verir. Modeli istifadə etmək üçün aylıq 200 dollar ödəmək lazım gəlir. “Alibaba”-nın baş direktoru Eddi Vu açıqlamasında bildirib ki, süni intellekt şirkətin əsas prioritetidir.