AZ

“Rusiya-İslam dünyası: KazanForum” 16-cı Beynəlxalq İqtisadi Forumu keçiriləcək

Qahirə, 12 mart, AZƏRTAC

Rusiya ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasındakı əməkdaşlıq nəzərəçarpacaq dərəcədə inkişaf edir. Ötən il ticarət dövriyyəsi 30 faiz artıb ki, bu da 2025-ci ildə əməkdaşlığın daha da genişlənəcəyinə dair gözləntiləri doğruldacaq.

AZƏRTAC İraq Xəbər Agentliyinə istinadla bildirir ki, bu, mayın 13-dən 18-dək keçiriləcək “Rusiya-İslam dünyası: KazanForum” 16-cı Beynəlxalq İqtisadi Forumunun Təşkilat Komitəsinin mətbuata açıqlamasında deyilib.

Qeyd olunur ki, forum çərçivəsində ticarət və investisiya əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar yaranacaq.

Diqqətə çatdırılır ki, İslam dünyası ölkələri ilə Rusiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün möhkəm əsaslar mövcuddur. Bu əməkdaşlığa misal olaraq Əlcəzairlə Rusiya arasındakı ticarət əlaqələrini göstərmək olar. Əlcəzairin Rusiya kənd təsərrüfatı məhsullarına – buğda, arpa və soya yağına olan tələbatın artması ilə əlaqədar ticarət dövriyyəsi 2024-cü ildə 1,7 milyard dollardan çox olub.

Bundan əlavə, Əlcəzairin Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq üçün rəsmi müraciət etməsi tərəfdaşlığı gücləndirən amillərdən biridir. 2025-ci ilin yanvar ayında iki ölkə arasında Hökumətlərarası Komissiyanın 12-ci iclası zamanı ticarət əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən Rusiya halal məhsullarının Əlcəzairə ixracının artırılması imkanları müzakirə olunub. Həmçinin nüvə və bərpaolunan enerji, neft-qaz sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib. Əlcəzairin Afrika bazarlarına yönələn Rusiya məhsulları üçün logistika mərkəzinə çevrilməsi də müzakirə olunan məsələlərdən biri olub.

Təşkilat komitəsinin açıqlamasında, həmçinin bildirilir ki, Bəhreyn ilə Rusiya arasında əməkdaşlıq turizm, təhsil və İslam maliyyəsi kimi müxtəlif sahələrdə genişlənməkdədir. 2024-cü ildə iki ölkənin iş adamları ümumi dəyəri 500 milyon dollar olan təxminən 30 layihə həyata keçiriblər. İkitərəfli investisiyaların genişləndirilməsinə artan maraq müşahidə olunur.

Bundan əlavə, Rusiya cari ildə Manamada yerləşən İslam Maliyyə Təşkilatları üzrə Mühasibat və Audit Agentliyinin təşkilatçılığı ilə ilk beynəlxalq İslam maliyyəsi və investisiya konfransına ev sahibliyi etməyə hazırlaşır. Vurğulanır ki, Rusiya ilə İslam ölkələri arasında ticarət potensialı 9 milyard dollar dəyərində qiymətləndirilir. Bu da müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar açır. Qarşıdan gələn forumun Rusiya ilə İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında yeni layihələrin müzakirəsi üçün əsas platformaya çevriləcəyi və iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyi gözlənilir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
9
azertag.az

1Mənbələr