AZ

Ərzağa yenə çox pul xərclədik – Səbəb nədir?

Azərbaycanda əhali ən çox pulu ərzağa xərcləyir. Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərdən aydın olur ki, 2025-ci ilin yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 15,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,6 faiz, fərdi sahibkarlar üzrə 1,7 faiz, bazar və yarmarkalarda isə 3,4 faiz artmışdır. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 451,8 manatlıq, o cümlədən 247,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 204,1 manatlıq qeyri-ərzaq malları almışdır.

Bu statistik göstəriciləri də nəzərə alsaq, əhalinin ərzaq məhsullarına daha pul xərcləməsinin səbəbi nədir? Valyuta.az-ın araşdırması zamanı məlum olub ki, bunun bir neçə müxtəlif səbəbi var. Ən birinci səbəb kimi qiymət artımını, inflyasiyanı göstərmək olar. Belə ki, bütün dünyada olduğu kimi Azərbaycanda da ərzaq məhsullarının qiymətləri artıb. Qiymət artımına təsir edən amillər isə xammal, yanacaq, gübrə, logistika (daşınma) xərclərinin artması olub. Xüsus ilə 2022-2024-cü illərdə dünya üzrə ərzaq böhranları, Rusiya-Ukrayna müharibəsi kimi hadisələr taxıl, yağ, şəkər kimi əsas məhsulların qiymətinin artmasına səbəb olub. Digər səbəb isə əhalinin ərzaq məhsullarına, xüsusi ilə müxtəlif çeşidli məhsullara gündəlik tələbatının artmasıdır. İnsanların qida seçimi dəyişib. Daha çox çeşid, daha bahalı, daha keyfiyyətli məhsullar almağa meyil var. İşləyən insanlar daha çox hazır yeməklərə, yarımfabrikatlara üstünlük verir, bundan başqa "brend" məhsullara da maraq artıb. Bütün bunlar da baha başa gəlir.

Əhalinin ərzaq məhsullarına pul xərcləməsinin səbəblərindən biri də daxili istehsalın azlığı, xarici istehsaldan asılılıqdır. Ölkədə bəzi məhsulların yerli istehsalı kifayət deyil və xaricdən idxal olunur. Belə olan halda dünyada baş verən digər bahalaşmalar idxal olunan ərzaqların qiymətinə də təsirsiz ötüşmür. Məsələn, idxal olunan düyü, çay, yağ, şəkər, sitrus meyvələrinin qiymətlərində biz bu artımı daha tez-tez görə bilirik. İnsanların ərzaq məhsullarına daha çox pul xərcləmələrinin əsas səbəblərindən biri də doğru alış-veriş vərdişinin olmamasıdır. Bəzən ehtiyacdan artıq məhsullar alınır və ya alış-veriş planlı şəkildə edilmir. Xüsusilə marketlərdə endirim kampaniyaları insanları daha çox məhsul almağa təşviq edir.

Belə olan halda isə israfçılıq artır və vaxtında istifadə olunmayan məhsulların atılması da ümumi xərci artırır. Bu statistik göstəricilərə təsir edən amillərdən biri də yaşayış səviyyəsi və gəlirlərin üst-üstə düşməməsidir. Belə ki, maaşlar və pensiyalar ərzaq qiymətlərinin artımı ilə paralel olmadığından, xərclər daha çox hiss olunur.

Davud

Seçilən
14
valyuta.az

1Mənbələr