BAKI, TurkicWorld
Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti Baykar ilə İtaliyanın texnologiya nəhəngi Leonardo arasında qurulan strateji əməkdaşlıq çərçivəsində yeni detallar üzə çıxıb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Baykar tərəfindən istehsal edilən pilotsuz uçuş aparatlarına (PUA) Leonardo şirkətinin BriteStorm elektron müharibə sistemi, Gabbiano radarı, Skyward infraqırmızı axtarış və izləmə sistemi və uçuş idarəetmə kompüterləri daxil olmaqla bir sıra qabaqcıl texnologiyalar inteqrasiya ediləcək.
Bu strateji əməkdaşlıq Baykarın PUA-larının döyüş meydanında daha təsirli olmasına, kəşfiyyat və hücum qabiliyyətlərinin artırılmasına kömək edəcək.
Leonardo, bu ortaq layihədən 2029-cu ilə qədər 600 milyon avro gəlir əldə etməyi hədəfləyir.
Saziş çərçivəsində PUA-ların missiya effektivliyini artırmaq və müdafiə sahəsində innovativ həllər təqdim etmək üçün yeni proqram təminatları və texnoloji modifikasiyalar da həyata keçiriləcək.
Bu əməkdaşlığın, xüsusilə Avropa və Yaxın Şərq bazarlarında hərbi və müdafiə sahəsində yeni perspektivlər açacağı gözlənilir.