AZ

Qazaxıstanda Milli Qəhrəman Hökumə Əliyevanın şərəfinə bu ADDIM ATILDI – FOTOLAR

Qazaxıstanda Hökumə Əliyevanın adını daşıyan döyüş-sanitariya maşını silahlanmaya qəbul ediləcək.

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Mərkəzi Asiya bürosu xəbər verir ki, yaxın vaxtlarda Qazaxıstan Müdafiə Nazirliyinin arsenalına milli qəhrəman Hökumə Əliyevanın adını daşıyan döyüş-sanitariya maşını daxil ediləcək.

Bu unikal texnika yaralıların təxliyəsi və döyüş şəraitində ilkin tibbi yardım göstərilməsi üçün nəzərdə tutulub.

Maşının texniki xüsusiyyətləri və imkanları ilə Azərbaycanın Qazaxıstandakı hərbi attaşesi, polkovnik Fuad İbrahimov və hərbi attaşenin baş köməkçisi, polkovnik-leytenant Rasim Vəkilov tanış olublar. Onlar bu cür texnikanın sülhməramlı və döyüş əməliyyatları üçün əhəmiyyətini vurğulayaraq, belə maşınların ön cəbhədə tibbi təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını qeyd ediblər.

Döyüş-sanitariya maşını “Orlan” zirehli avtomobili əsasında hazırlanıb və tamamilə tibbi məqsədlər üçün uyğunlaşdırılıb. Əsas xüsusiyyətləri bunlardır:

Zirehli korpus*, güllə və qəlpələrdən qorunma;

Müasir tibbi avadanlıq*, təcili yardım göstərmək üçün nəzərdə tutulub;

Sürüşən platforma*, yaralıların sürətli yüklənməsi üçün;

Dairəvi işıqlandırma sistemi*, qaranlıqda və istənilən hava şəraitində işləmək imkanı;

Hərəkət məsafəsi – magistral yolda saatda 80 km sürətlə 600 km qət edə bilir;

Tutumu – 6 yüngül yaralı və ya 3 yüngül, 2 ağır yaralı döyüşçü daşıya bilər.

Avtomobil 25 dekabr 2024-cü ildə qəza edən “Azərbaycan Hava Yolları” təyyarəsinin bələdçisi, sərnişinlərin həyatını xilas etmək üçün canını fəda edən Hökumə Əliyevanın şərəfinə adlandırılıb. Onun igidliyi və fədakarlığı bu gün də yaşayır və indi onun adı xilasetmə missiyalarında iştirak edən bir texnikanın üzərində əbədiləşib.

Qazaxıstan Müdafiə Nazirliyi bu döyüş-sanitariya maşınını döyüş şəraitində, sülhməramlı missiyalarda və humanitar əməliyyatlarda istifadə etməyi planlaşdırır, bu da hərbçilərin və yaralıların etibarlı tibbi təminatını təmin edəcək.

 

İldırım Musayev,

KONKRET.az-ın Mərkəzi Asiya bürosu

 

Seçilən
13
konkret.az

1Mənbələr