23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən yarışın 5-ci günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıb, qadın güləşində isə təsəlliverici görüşlər keçirilib.
Azərbaycan millisinin 5 “klassiki” yarımfinala adlayıb. Təsəlliverici qarşılaşmada qalib gələn Gültəkin Şirinova isə bürünc uğrunda görüşə vəsiqə qazanıb.
55 kq
Elmir Əliyev moldovalı Maksim Sarmanovu (9:1) və albaniyalı Andi Mukanı (11:2) vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. O, finala vəsiqə üçün rusiyalı Alibek Amirovla (UWW) qarşılaşacaq.
63 kq
Ziya Babaşov isveçli Aleksander Vafaiyə 3:1 hesabıyla, yunanıstanlı Marios Kapantaisə isə tam üstünlüklə (10:2) qalib gələrək yarımfinala yüksəlib. Onun növbəti rəqibi bolqarıstanlı Miroslav Emilov olacaq.
77 kq
Xasay Həsənli yunanıstanlı Andreas Vasilakopula tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/4 finalda almaniyalı Aaron Bellşeidtə uduzub - 3:7.
87 kq
Cocu Səmədov təsnifat mərhələsində ermənistanlı Vigen Nazaryana 0:7 hesabıyla məğlub olub.
130 kq
Ayxan Mərdanov təsnifat mərhələsində çexiyalı Artur Sarkisyana 0:2 hesabıyla uduzub.
Qadın güləşi
57 kq
Gültəkin Şirinova təsəlliverici görüşdə türkiyəli Əminə Çakmaka 7:5 hesabıyla qalib gəlib. Bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanan idmançımız üçüncü yer uğrunda rumıniyalı Georgiana Lirkayla güləşəcək.
Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə 19:45-də, medal görüşləri isə 21:00-da başlayacaq.
İdman.biz