AZ

Ölmüş heyvan əti satanlar cinayət məsuliyyətinə cəlb olunsunlar - Ekspertdən TƏKLİF

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Şərur rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri reyd zamanı Şərur rayonu Xətai kənd sakini fiziki şəxs Əhmədov Rövşən İsmayıl oğlu tərəfindən ölmüş, istehlaka yararsız 59 kiloqram iribuynuzlu heyvan cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb.

Bəs ölmüş heyvan əti insan orqanizmi üçün hansı təhlükələri yaradır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, ət məsələsi hər zaman gündəmdə olan mövzudur. O qeyd etdi ki, bu mövzuda müzakirələr aparılır və tövsiyələr verilir:

"Biz qida ekspertləri, qida təhlükəsizlik əməkdaşları dəfələrlə məsləhət veririk ki, ətlə istifadədə diqqətli olmaq lazımdır. Ətin saxlanma şəraiti gigiyenik qaydalara uyğun olmalıdır, ətin kəsim məntəqələri təmiz olmalıdır. Hətta ətin kəsilməsi zamanı istifadə olunan alətlər, qəssabların tibbi müayinəsi məsələsi diqqətdə olmalıdır. İnsanlar özləri aldıqları qidalara nəzarət etməlidirlər. Ət aldıqları yerlərə öz tələblərini bildirə bilərlər. Ölmüş heyvan ətindən danışsaq, bu həm sağlamlıq, tibbi, həm də dini baxımdan qəbuledilməzdir. Ölmüş heyvan cəsədi bakteriyaların, mikrobların, toksik maddələrin birbaşa yığıntısıdır. Ölmüş heyvanın bədənindən qan çıxmır. Həmin qanda mikroblar aktivləşir və sürətlə yayılırlar. Bundan istifadənin artıq izahata ehtiyacı yoxdur. Müxtəlif xəstəliklər yarana bilər, hətta bu hallar ölümlə belə nəticələnə bilər. Dinimizdə belə, ölmüş heyvan cəsədinin haram olduğu qeyd olunur. Dindən əlavə, tibb baxımından tibb işçiləri, qida ekspertləri müxtəlif fikirlər səsləndirirlər".

Ekspert qeyd etdi ki, ölmüş heyvan cəsədi birmənalı şəkildə istifadə oluna bilməz.

"İnsan sağlamlığını riskə atan, insan bədənini zəhərləməyə fokuslanmış bir məsələdir. Burada maddiyat güdülürsə, təklif edirəm ki, ölmüş heyvan cəsədlərinin satışını həyata keçirənlərə ən ağır cəza tətbiq olunsun. Cinayət məsuliyyətinə cəlb olunsunlar. Onlar cərimə və inzibati cəzalarla yox, ağır cəza ilə cəzalandırılsınlar. Bu, artıq cəmiyyətin, insanların zəhərlənməsinə hesablanmış bir məsələdir. Ölmüş heyvan ətinin satışa çıxarılması, satışın təşkil olunması qəbulolunmaz məsələdir. Əminəm ki, hər kəs bu fikirlə razıdır ki, bu tip insanlara qarşı birmənalı şəkildə həm cəmiyyətimiz mübarizə aparsın, həm də onlara qarşı cinayət işi açılsın. Digərləri də bundan ibrət alsın ki, insanların həyatını bu formada zəhərləmək olmaz", - deyə İ.Şirinov bildirdi.

Aytəkin TOFİQQIZI

Seçilən
3
redaktor.az

1Mənbələr