Avropa Parlamentində (AP) anti-Azərbaycan ritorika, qərəz səngimir. Adı korrupsiya və rüşvət qalmaqallarında hallanan və erməni lobbisinin maliyyə təsiri altında olan avroparlamentarilər növbəti dəfə Azərbaycan əleyhinə böhtan xarakterli qətnamə layihəsi ilə çıxış ediblər. Söhbət Bakıda məhkəmə prosesi keçirilən və konkret hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəmə prosesinə göstərilən təzyiqdən gedir.
Hazırlanan qətnamə layihəsi başdan-ayağa qərəz və riyakarlıq, beynəlxalq hüquq normalarının pozulması deməkdir. Sənəddə əks olunan bəzi məsələləri anti-Azərbaycan ritorikanın pik həddi hesab etmək olar. Yenə də erməni sevgisi, Azərbaycanafobiya və riyakarlıq açıq-aydın hiss olunur.
Qeyd edək ki, Bakıda məhkəməsi keçirilən şəxslər sülh və insanlıq əleyhinə cinayətlərdə, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirlər.
Bəllidir ki, qatı ermənipərəst mövqeyi ilə seçilən Avropa Parlamentinin üzvləri üçün qeyd olunan ittihamlar əhəmiyyət kəsb etmir. Onlar üçün bir “həqiqət” var ki, o da qərəz və ikili yanaşmadır. Dəfələrlə bunun şahidi olmuşuq.
Şübhəsiz ki, məhkəməyə təzyiq yolunu seçən Avropa Parlamentinin üzvləri hər vəchlə çalışırlar ki, təqsirləndirilən şəxslər qərardad çıxarılmadan azad olunsunlar. Dünya məhkəmə tarixində isə belə hala rast gəlinməyib. Bu azmış kimi, barələrində konkret ittihamlar olan şəxsləri az qala “siyasi məhbus”, “əzabkeş” kimi qələmə verməyə çalışılır.
Avropanın ali qanunverici qurumunda heç bir əsasa söykənməyən, daxili mülahizələrdən, qərəzli münasibətdən çıxış edən müəyyən qrupun hazırladığı belə qətnamələrin qəbulu adi hal alıb. Kağız parçasında əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verilməsi hiddət doğurur. Halbuki həmin şəxslər konkret cinayət əməllərinə görə məhkəmə qərarları əsasında saxlanılıb.
Siyasi sifarişi yerinə yetirən avroparlamentarilərin həmin şəxsləri “hərbi əsir” kimi qələmə verməsi həm cinayət-prosessual qanunvericiliyin tələblərinə, həm də beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir. Sual olunur ki, nədən ərazilərimizin kütləvi şəkildə minalarla çirkəndirilməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi, Qərbi azərbaycanlıların haqlı tələbləri barədə Avropa Parlamenti bir dəfə də olsun qətnamə layihəsi ilə çıxış etməyib. Cavab isə hər kəsə tam aydındır - Riyakarlıq və ikiüzlülük, separatizm sevgisi, erməni lobbisindən alınan milyonlar.
Həqiqətən də, korrupsiya və rüşvət qalmaqallarında adı hallanan Avropa Parlamentinin üzvlərindən başqa nəsə gözləmək də olmaz. Çünki dəfələrlə adıçəkilən təşkilatın deputatlarına qarşı korrupsiya ittihamları irəli sürülüb.
Avropa Parlamenti, həmçinin islamofobiyaya yaxalanıb. Konkret olaraq Ermənistanla bağlı tutduqları mövqe buna bariz nümunədir. Təsadüfi deyil ki, bu təşkilatı əksəriyyət artıq “xristian klubu” da adlandırır. Bunu sübut edən fakt Avropa Parlamentinin 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı səlib yürüşünə start verməsidir.
Avropa Parlamenti birinci dəfə deyil ki, Azərbaycana qarşı qətnamə adlandırdıqları kağız parçası qəbul edir. Görünür, hesab edirlər ki, rəsmi Bakı bölgənin güclü oyunçusuna çevrilir və bunun qarşısını almaq, təzyiq göstərmək üçün qətnamələr qəbul etmək lazımdır. Unudurlar ki, Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz.
Qərəz və riyakarlıq o həddə çatıb ki, Avropa Parlamenti Azərbaycanın 2023-cü ilin sentyabrında öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsini Qarabağ ermənilərinə qarşı təcavüz kimi təqdim edir. Halbuki heç bir beynəlxalq təşkilatın bəyanatında, qəbul etdiyi hesabatda bu məsələ öz əksini tapmayıb. BMT kimi mötəbər missiyanın faktaraşdırıcı missiyası bir neçə dəfə Qarabağda olub və hər hansı bir zorakılıq faktını qeyd almayıb. İndi isə Avropa Parlamenti heç bir fakt ortaya qoymadan Qarabağı könüllü tərk edən insanlara qarşı zorakılıq tətbiqindən danışır.
Erməni lobbisindən yemlənən avroparlamentarilərin qərəzi o həddə çatıb ki, insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxsləri “Dağlıq Qarabağın” siyasi liderləri adlandırırlar.
Beləliklə, Avropa Parlamentinin qətnamə layihəsi ikili, qərəzli münasibətin göstəricidir. Fransanın hegemonluq etdiyi Avropa Parlamentinin növbəti kağız parçasının taleyinin əvvəlkilər kimi olacağı şübhə doğurmur. Heç bir təzyiq və hədə Azərbaycanı öz yolundan döndərə bilməyəcək. Ermənilərin məhkəmə prosesi də beynəlxalq hüquq qaydalarına uyğun başa çatacaq və təqsirləndirilən şəxslər öz layiqli cəzalarını alacaqlar.
Avropa Parlamenti tərəfindən hazırlanmış qətnamə, müzakirələr Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzuna xələl gətirmək və ölkəmizə qarşı növbəti dəfə təzyiq nümayiş etdirmək kimi qiymətləndirilməlidir. Ötən illər ərzində Avropa Parlamentində keçirilən bu tipli müzakirələr və eləcə də bu təsisat tərəfindən qəbul edilmiş çoxsaylı qətnamələr Azərbaycana qarşı qərəzli mahiyyəti ilə seçilib. Bu da onlardan biridir. İlk növbədə, Azərbaycana qarşı belə bir yanlış münasibətin sərgilənməsi erməni diasporunun və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatlarının uzun illər ərzində apardığı məqsədyönlü fəaliyyəti ilə əlaqələndirilməlidir.
Son olaraq qeyd edə bilərik ki, növbəti dəfə anti-Azərbaycan siyasətin, qərəz və riyakarlığın şahidi oluruq. Şübhəsiz ki, əvvəlkilər kimi, budəfəki qətnamə layihəsi də kağız parçasıdır və hüquqi qüvvəsi yoxdur.