AZ

Səfir: Azərbaycan İtaliyanın etibarlı neft və qaz təchizatçısıdır

Bakı, 12 mart, AZƏRTAC

Bu gün Bakıda İtaliya Dizayn Günü çərçivəsində ADA Universiteti, Milan Politexnik Universiteti və İtaliya səfirliyinin birgə təşkilatçılığı ilə dayanıqlı inkişaf üzrə konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bunu ADA universitetində İtalyan Dizayn Gününün 9-cu buraxılışı münasibətilə “Şəhərdən ərazilərə davamlı inkişaf” beynəlxalq konfransında jurnalistlərə açıqlaması zamanı İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko deyib.

Onun sözlərinə görə, konfransda bir çox mühüm qonaqlar, o cümlədən Milan Politexnik Universitetinin nümayəndələri və İtaliyanın özəl sektorunun nümayəndələri iştirak edirlər.

Qonaqlar arasında “Simmetrico” şəbəkəsinin təsisçisi Daniele Zambelli də var. İtaliyanın tanınmış şirkəti olan “Simmetrico” Bakıda inşa olunan Zəfər Parkı layihəsinin müəllifidir.

Bundan əlavə, tədbirdə Heydər Əliyev Fondunun nümayəndələri də iştirak ediblər. Səfir İtaliya və Azərbaycan arasında mədəni dialoqun və təşəbbüslərin təşviqi sahəsində Heydər Əliyev Fondu ilə davamlı əməkdaşlığa görə məmnun olduğunu qeyd edib. O, həmçinin tədbirin iki ölkə arasında olan sıx əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

“İki ölkə arasında sıx siyasi əlaqələr də mövcuddur və mütəmadi olaraq rəsmi səfərlər təşkil olunur. Ötən il Prezident İlham Əliyev Romaya səfər edib və İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb. İtaliyanın Baş naziri Ciorcia Meloni isə ötən il Bakıda keçirilən COP29 konfransında iştirak edib. Bundan əlavə, İtalyanın müdafiə naziri ötən il ölkənizə iki dəfə, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov isə Romaya səfər edib”, - deyə səfir vurğulayıb.

Luka Di Canfrançesko Azərbaycanın İtaliyanın etibarlı neft və qaz təchizatçısı olduğunu vurğulayıb.

Seçilən
20
azertag.az

1Mənbələr