AZ

Dövlət Komitəsinin nümayəndə heyəti Qarsda bir sıra görüşlər keçirib

Bakı, 12 mart, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti martın 12-də Türkiyənin Qars şəhərinə səfər edib.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti əvvəlcə Qars yerləşən Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli Liderinin abidəsini ziyarət edib. Ulu Öndərin abidəsi önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.

Komitə sədri Qarsda bir sıra görüşlər də keçirib. Qars valisi Ziya Polat və Qars Bələdiyyə Başqanı Ötüken Senger ilə görüşlərdə ölkələrimiz arasında ortaq etnik-mədəni köklərə söykənən dostluq-qardaşlıq əlaqələrinin Azərbaycan və Türkiyə prezidentlərinin müdrik siyasəti nəticəsində uğurla inkişaf etdiyi vurğulanıb. Bu siyasətin hər iki ölkənin xalqları arasında güclü qardaşlıq və əməkdaşlıq ruhu yaratdığı qeyd olunub.

Digər bir görüş Qars vilayətinin müftisi Yavuz Yıldız ilə olub. Müfti ölkəmizin İslam həmrəyliyinə, müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə yönəlik təşəbbüslərini, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrini yüksək qiymətləndirib.

R.Məmmədov Azərbaycan və Türkiyənin tarix boyu bir-birinə yaxın, dost və qardaş ölkələr olduğunu vurğulayıb. İki ölkə liderlərinin uğurlu siyasəti nəticəsində münasibətlərin möhkəmləndiyini bildirib. Həmçinin Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoq və əməkdaşlıq məsələlərinə daim böyük qayğı ilə yanaşdığını vurğulayıb.

Seçilən
15
azertag.az

1Mənbələr