Artan avtomobil sayı, dayanma-durma qaydalarına əməl olunmaması və yol infrastrukturundakı çətinliklər illərdir paytaxt Bakının küçə və prospektlərində böyük tıxaclara səbəb olur. Təbiət hadisələri - yağış, qar yağanda, o cümlədən xüsusi günlər - bayramlar, beynəlxalq tədbirlər zamanı hərəkət daha da çətinləşir və sürücülərin saatlarla yollarda qalması ilə nəticələnir.
Bütün bu səbəblərdən dolayı Azərbaycanda tıxacların qarşısını almaq üçün işıqforların iş rejiminin dəyişdirilməsi nəzərdə tutulub.
Nəqliyyat eksperti Aslan Əsədov “Referans”-a açıqlamasında yeni layihənin effektivliyindən danışıb.
“Yaşıl dalğa iş prinsipi mahiyyəti ilə birbaşa yollarda hərəkətin təhlükəsizliyinə dəlalət edir. Bəzən elə olur ki, yaşıl dalğanın tətbiq edildiyi küçələr magistrallara çevrilir. Amma onlara qovuşan küçələrdə isə nəqliyyat vasitələri gözləmə mövqeyində olur və yaxud işıqfor saniyələri aşağı düşür. Bunun həm mənfi, həm də müsbət tərəfləri var. Müsbət tərəfləri odur ki, həmin adıçəkilən küçələrdə hərəkət təşkil olunur və həmin küçəni nəqliyyat vasitələri daha tez tərk edirlər. Lakin bu müsbət cəhət özünü yalnız tətbiq olunan küçələrdə göstərir. Həmim küçələrə birləşən küçələrə isə bu mənfi təzahür edir. O küçələrdə keçənlər yubanırlar. Bu da həmin sürücülərin diskomfort hiss etməsinə və stress keçirməsinə səbəb olur”.
Fidan Vəlisoy