AZ

İki ölkə parlamentləri arasında səmərəli əməkdaşlıq mövcuddur

Milli Məclisin sədri Sahibə Qafarova Çinin Xarici Siyasət üzrə Xalq İnstitutunun nümayəndə heyətinin rəhbəri, Çin hökumətinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, görüşdə paytaxtımızda keçiriləcək XII Bakı Qlobal Forumunun əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemləri həll edən aparıcı beynəlxalq qurumlardan birinə çevrilib. Diqqətə çatdırılıb ki, Mərkəz yarandığı gündən qlobal ictimaiyyəti narahat edən məsələlərin müzakirə olunduğu və bu gün üzləşdiyimiz aktual problemlərin həlli yollarının axtarıldığı bir platformadır.

Milli Məclisin sədri Sahibə Qafarova Çinlə əməkdaşlığın ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Onun sözlərinə görə, hazırda ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir.

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan və Çin bir çox məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirir. Ölkələrimiz arasında yüksək səviyyədə münasibətlərin qurulmasında dövlət başçılarının, qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli siyasi dialoqun xüsusi rolu var. Söhbət zamanı, Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin önəmi vurğulanıb.

Görüşdə ölkələrimizin qanunverici orqanları arasında da münasibətlərə diqqət yönəldilərək, iki ölkənin parlamentləri arasında səmərəli əməkdaşlığın mövcud olduğu bildirilib. Milli Məclisin sədri parlament təmsilçiləri arasında da təmasların, qarşılıqlı səfərlərin əlaqələrin daha da genişlənməsinə töhfə verdiyini söyləyib.

Vu Honqbo XII Bakı Qlobal Forumunda iştirak etməkdən məmnunluğunu bildirərək, tədbirin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. O, Azərbaycanın ev sahibliyi ilə COP29-un uğurla təşkil olunduğunu bildirərək, Çinin də bu prosesə öz töhfəsini verdiyini qeyd edib.

Söhbət zamanı, hazırda dünyada dəyişən geosiyasi vəziyyət, mövcud çağırışlar fonunda baş verən bir sıra proseslərin ciddi narahatlıq doğurduğu qeyd edilərək, çoxtərəfli əməkdaşlığın əhəmiyyəti bir daha diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Seçilən
17
sia.az

1Mənbələr