Bu gün güləşçilərimiz medallar qazana bilərlər.
Offsideplus.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında 6 idmançımız mübarizə aparıb. Təmsilçilərimiz arasında uğurlu çıxış edənlər və yarımfinala yüksələnlər var.
55 kq çəki dərəcəsi: Elmir Əliyev moldovalı Maksim Sarmanovu (9:1) və albaniyalı Andi Mukanı (11:2) məğlub edərək yarımfinala yüksəlib. O, finala gedən yolda rusiyalı Alibek Amirovla (UWW) qarşılaşacaq.
63 kq çəki dərəcəsi: Ziya Babaşov isveçli Aleksander Vafaiyə 3:1, yunanıstanlı Marios Kapantaisə isə tam üstünlüklə (10:2) qalib gələrək yarımfinala adlayıb. Onun rəqibi bolqarıstanlı Miroslav Emilov olacaq.
77 kq çəki dərəcəsi: Xasay Həsənli yunanıstanlı Andreas Vasilakopula 9:0 hesabı ilə qalib gəlsə də, 1/4 finalda almaniyalı Aaron Bellşeidtə 3:7 hesabı ilə məğlub olub.
87 kq çəki dərəcəsi: Cocu Səmədov təsnifat mərhələsində ermənistanlı Vigen Nazaryana 0:7 hesabı ilə uduzub.
130 kq çəki dərəcəsi: Ayxan Mərdanov təsnifat mərhələsində çexiyalı Artur Sarkisyana 0:2 hesabı ilə məğlub olub.
57 kq çəki dərəcəsi: Gültəkin Şirinova təsəlliverici görüşdə türkiyəli Əminə Çakmaka 7:5 hesabı ilə qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, üçüncü yer uğrunda rumıniyalı Georgiana Lirkayla güləşəcək.
Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə 19:45-dən, medal görüşləri isə 21:00-dan start götürəcək.