Bakı, TurkicWorld
Türk Dövlətləri Təşkilatının (TDT) bayrağı yenilənib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bayrağın yenilənməsi münasibətilə İstanbulda yerləşən Türk Dövlətləri Təşkilatının (TDT) Katiblik binasının önündə bayraq qaldırma mərasimi keçirilib.
Mərasimdə TDT-nin Baş katibi, Kubanıçbek Ömürəliyev, Türkiyə Xarici İşlər nazirinin müavini, səfir Ayşə Berris Ekincı, Qırğızıstan Xarici İşlər nazirinin müavini Meder Abakirov, Qazaxıstan Xarici İşlər nazirinin müavini Alibek Bakayev, Azərbaycan Xarici İşlər nazirinin müavini Samir Şərifov və Özbəkistan Xarici İşlər nazirinin müavini Babür Usmanov iştirak etdilər.
TDT-nin Baş katibi Ömürəliyev çıxışı zamanı yenilənmiş bayraqdakı səkkizguşəli fiqurun əsrlər boyu mövcud olan türk dövlətçiliyini, birliyini və gücünü təmsil etdiyini bildirdi.
Ömürəliyev, Türk-İslam ənənəsinə görə, səkkizguşəli fiqurun müdrikliyin rəmzi olduğunu qeyd edib.
“Bu bayraq qardaşlığımızın gücünü, əməkdaşlığımızın dərinliyini və birgə qurduğumuz parlaq gələcəyi təmsil edir. Türk dünyasında institusional potensialın artırılması və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində qətiyyətli iradəmizin göstəricisidir”, – deyə vurğulayıb.
Xarici İşlər nazirinin müavini Ekincı isə ötən ilin 6 noyabr tarixində Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş Dövlət Başçıları Şurasının 11-ci Zirvə görüşünün dönüş nöqtəsi kimi qiymətləndirib.
Ekinci qeyd etdi ki, zirvə görüşündə rəmzi baxımdan mühüm qərarlardan biri də yenilənmiş TDT bayrağının qəbul edilməsi olub.
“Bayrağımız bütün üzv dövlətlərin və türk xalqlarının ortaq dəyərlərini simvolizə edəcək şəkildə yeniləndi. Zirvə toplantısında eyni zamanda bütün türk əməkdaşlıq təşkilatlarının bayraqlarının TDT bayrağı ilə uyğunlaşdırılması qərara alındı. İnanıram ki, türk xalqlarını birləşdirən dərin tarixi və mədəni bağların rəmzi olan yeni bayrağımız, TDT çərçivəsində qurduğumuz güclü birlik və həmrəyliyi daha da irəli aparacaq yeni bir dövrün başlanğıcı olacaq.
Çıxışlardan sonra TDT Baş katibi Ömürəliyev və nazir müavinləri yenilənmiş TDT bayrağını göndərə qaldırdılar.
Mərasim ailəvi foto çəkilişi ilə yekunlaşıb.