Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı vaxtaşırı müzakirələr aparılır. Mənzillərinin sənədsiz olması vətəndaşlar üçün bir çox problemlərə səbəb olur. Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsi nə zaman reallaşa bilər?
Mövzu ilə bağlı Referans -ın suallarını Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev cavablandırıb. Sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində ölkəmizdə bir neçə ildir ki, müəyyən tədbirlə həyata keçirilir. Əlbəttə ki, bu tədbirlərin reallaşdırlaraq həmin evlərə sənədlərin verilməsi müəyyən zaman tələb edir. Belə evlər ölkədə yüz minlərlədir. Sənədsiz evlərin sənədləşdirilməsi məsələsində çox ciddi problemlər üzə çıxır. Elə mənzillər var ki, o evlərin ümumiyyətlə heç bələdiyyə sənədi də yoxdur. Vaxtilə qanunsuz şəkildə mənzili inşa edib və uzun illərdir ki, orada yaşayış mövcuddur.
Millət vəkili onu da bildirib ki, bəzi sənədsiz evlər yüksək gərginlikli elektrik xətlərinə çox yaxın yerdə yerləşir. Bəzi evlər dəmiryol xətlərinə həddən artıq yaxındır. Bundan başqa elə sənədsiz evlər də mövcuddur ki, həmin evlərin olduğu ərazilər müəyyən dövlət proqramlarına uyğun olan infrastruktur layihələr üçün nəzərdə tutulub. Bu da sənədləşmədə problemlər yaradır. Amma bununla belə başqa çıxış yolu da yoxdur. Mütləq bir halda bütün sənədsiz mənzillər sənədləşdirilməlidir. Elə ailələr var ki, o mənzillərdə çox illərdir yaşayırlar və onların sosial xidmətlərdən faydalanmaqda çətinlikləri var.
Deputat bildirib ki, bu məsələdə bir nəfərin deyil ümumilikdə bir çox şəxsin günahı var. Belə problemlərin baş verməməsi üçün gərək mənzil inşa etdirən vətəndaşların da vətəndaş məsuliyyəti olsun. Lakin təəssüflər olsun ki, vətəndaş və müəyyən cavabdeh şəxslərin məsuliyyətsizliyi nəticəsində belə böyük problemlərimiz yaranıb.
"Azərbaycan dövləti vətəndaşlarının problemlərinə hər zaman həssaslıqla yanaşır. Təbii ki, sənədsiz evlərlə də bağlı məsələ dövlətimizin dəstəyi ilə öz həllini tapacaq", - deyə millət vəkili vurğulayıb.
Bünyamin Bünyadzadə
Referans