AZ

Jozef Sikela: “TBNM-in inkişafı Türkmənbaşını Avropa və Asiya arasında əsas tranzit qovşağına çevirəcək”

Türkmənbaşı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) əsas qovşağına çevrilə bilər.

“Report” xəbər verir ki, bunu Mərkəzi Asiya ölkələrinə turnesi çərçivəsində martın 12-də Türkmənistanda səfərdə olan Avropa İttifaqının (Aİ) beynəlxalq tərəfdaşlıq üzrə komissarı Yozef Sikela Türkmənistanın “Orient” nəşrinə müsahibəsində deyib.

“Səfərimin məqsədi Türkmənistanla əməkdaşlığımızı gücləndirmək idi, xüsusən əməkdaşlığımızın həm ölkənin özünə, həm də Avropaya real fayda gətirə biləcəyi sahələrdə. Buraya iqtisadiyyatın modernləşdirilməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsi və “yaşıl iqtisadiyyat”a doğru irəliləmə daxildir”, - Y.Sikela bildirib.

O əlavə edib ki, Avropanın “Global Gateway” təşəbbüsü çərçivəsində Aİ Türkmənistanın regional və qlobal ticarət şəbəkələrinə inteqrasiyası, infrastrukturun modernləşdirilməsi və investisiyaların cəlb edilməsi imkanlarını genişləndirməyə çalışır.

“Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialının açılması ilə bağlı böyük fürsət görürəm və bu, Türkmənbaşını Avropa və Asiya arasında əsas tranzit qovşağına çevirəcək. Bu dəhliz malların Avropaya çatdırılma müddətini təxminən 15 günə qədər azaldacaq, logistika, nəqliyyat və ticarət sahələrində yeni iş yerləri və investisiya imkanları yaradacaq”, - o söyləyib.

Y.Sikela əlavə edib ki, Türkmənistan Aİ-nin Mərkəzi Asiya ilə qarşılıqlı əlaqəsində strateji rol oynayır və regional ticarət üçün tranzit mərkəzi və əsas xammal və bərpa olunan enerji mənbələri bazarında potensial oyunçu kimi xidmət edə bilər.

“Türkmənbaşı limanından başlayan Transxəzər nəqliyyat dəhlizi ölkəni Avropanın ticarət yollarının şaxələndirilməsində və digər tranzit marşrutlarından asılılığın azaldılmasında aparıcı bənd kimi mövqeləşdirir. Eyni zamanda, bərpa olunan enerji mənbələrinin Türkmənbaşı limanı kimi mövcud infrastruktura inteqrasiyası yollarını araşdırırıq. Logistik əməliyyatları təmin etmək üçün orada günəş və külək elektrik stansiyaları kimi dayanıqlı enerji həllərini işləyib hazırlaya bilsək, Türkmənistan region üçün “yaşıl nəqliyyat dəhlizi”nin yaradılmasında lider ola bilər”, - Avropa komissarı qeyd edib.

O, əlavə edib ki, Türkmənbaşı limanının böyük potensialı var, lakin onun potensialını tam reallaşdırmaq üçün gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal izləmə sistemlərinin təkmilləşdirilməsi və dəmir yolu əlaqələrinin modernləşdirilməsi məqsədəuyğundur.

“Aİ şirkətləri bu istiqamətdə yardım etməyə hazırdır. Müvafiq islahatların həyata keçirilməsi ilə Türkmənistan özəl investisiyaları cəlb edə və Avropa ilə Asiya arasında ticarət üçün əsas tranzit mərkəzinə çevrilə bilər”, - o deyib.

Seçilən
2
report.az

1Mənbələr