Bu gün AMEA-nın müxbir üzvü, tanınmış alim Elşad Qurbanovun "Azərbaycanın bitki örtüyü" adlı kitabının təqdimat mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək, müəllifin kitabına olan böyük töhfələrini yüksək qiymətləndirib. Akademik bildirib ki, bu əsərin ərsəyə gəlməsi uzun və zəhmətli bir işin nəticəsidir.
Təqdimat mərasimində, kitabın mövzusu ilə əlaqədar olaraq, müəllifin əsərinə uyğun hazırlanan videoçarx iştirakçılara təqdim olunub.
Tədbirdə, həmçinin bir çox tanınmış alimlər, deputatlar və ictimai xadimlər iştirak edib. Onlar arasında AMEA-nın vitse-prezidenti İradə Hüseynova, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və millət vəkili Vüqar Rəhimzadə iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən millət vəkili Vüqar Rəhimzadə Azərbaycanın təbii sərvətlərinin və bitki örtüyünün əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, Elşad Qurbanovun "Azərbaycanın bitki örtüyü" kitabı, ölkəmizin zəngin təbiətini daha dərindən öyrənmək və qorumaq baxımından çox dəyərli bir əsərdir. Millət vəkili, bu kitabın həm alimlər, həm də təbiətsevərlər üçün qiymətli bir qaynaq olduğunu vurğulayıb. Vüqar Rəhimzadə, Azərbaycanın ekologiyası və bitki örtüyü haqqında verilən məlumatların həm nəzəri, həm də praktiki əhəmiyyət daşıdığını bildirib. O, kitabın gələcəkdə tədqiqatçıların və ekoloqların işinə yön verəcəyini, bu cür əsərlərin ölkəmizin təbii sərvətlərinin qorunması və mühafizəsi sahəsində mühüm rol oynayacağını qeyd edib. Milli Məclisin deputatı belə qiymətli əsərlərin elm dünyasında və cəmiyyətdə geniş təbliğ olunmasının vacib olduğunu vurğulayıb. Vüqar Rəhimzadə, həmçinin Elşad Qurbanovun bu sahədəki uzunmüddətli zəhmətini və elmi töhfələrini yüksək qiymətləndirib və kitabın gələcək nəsillərə böyük əhəmiyyət kəsb edəcəyinə inandığını ifadə edib.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin prorektoru Mahirə Hüseynova çıxış edərək, kitabın əhəmiyyətinə toxunub. O, qeyd edib ki, bu əsər 20 fəsildən ibarət olub və 10 illik əziyyətin məhsuludur. Mahirə Hüseynova bildirib ki, belə əsərlər "Alimin ömür kitabı" olaraq qiymətləndirilə bilər. Kitabda Azərbaycanın bitki örtüyü, qumu, daşı və digər təbii zənginlikləri haqqında ətraflı məlumat verilib. Təqdimat mərasimi digər iştirakçıların çıxışları ilə davam edib.
Səbinə Kazımova, "İki sahil"