Ağciyərlərdə şişləri çıxarmaq üçün cərrahiyyə əməliyyatından sonra sağalmaq xüsusilə çətindir.
SİA-nın məlumatına görə, alimlər meşə yanğınlarından çıxan tüstünün xərçəng xəstələrinin sağlamlığına real təsirini açıqlayıblar.Amerika Xərçəng Cəmiyyəti tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, meşə yanğınları ağciyər xərçəngi əməliyyatı keçirən xəstələrin sağalma prosesinə mənfi təsir göstərir.
Müalicə və reabilitasiyadan keçən xərçəng xəstələri təbii fəlakətlər zamanı xüsusilə risk altındadırlar. Bu, fiziki, psixoloji və sosial-iqtisadi amillərin kompleksi ilə bağlıdır. Eyni zamanda, iqlim dəyişikliyi səbəbindən daha tez-tez baş verən meşə yanğınları onların sağlamlığı üçün əlavə təhlükə yaradır.
Mütəxəssislər ağciyər şişlərinin çıxarılması əməliyyatlarının nəticələrinin öyrənilməsinə diqqət yetiriblər. Tədqiqatın bir hissəsi olaraq, onlar 2004 və 2021-ci illər arasında kiçik hüceyrəli olmayan ağciyər xərçənginin I-III mərhələləri üçün əməliyyat (lobektomiya və ya pnevmonektomiya) keçirmiş xəstələrin məlumatlarını təhlil ediblər.
Araşdırma nəticəsində məlum olub ki, meşə yanğınlarının yaxınlığında olmaq xəstəxanada qalma müddətini əhəmiyyətli dərəcədə uzadır.
Tüstüyə məruz qalan xəstələrin xəstəxanada qalma müddəti orta hesabla 9,4 gün olub ki, bu da məruz qalmayan ərazilərdə olan xəstələrdən 1,9 gün çoxdur.
Bu təsir xəstəliyin mərhələsindən asılı olmayaraq müşahidə edilmişdir. Mütəxəssislər vurğulayırlar ki, hətta xəstəxanada qalma müddətinin iki günlük artması səhiyyə sisteminə əlavə gərginlik yaradır və stasionar müalicəyə ehtiyacı olan digər xəstələrə qayğı göstərməyi çətinləşdirə bilər.
Nazlı Almuradova