Mənə Putinin Milli Məclisin sədri xanım Sahibə Qafarovaya orden verməsi haqda bir video-material göndəriblər.
Materialı açdım, amma baxmadım. Çünki faktın özü mənə məlumdur. İki gündür ki, əksər saytlar bundan yazır. Həm də materialı yayan kanalı qeyri-ciddi hesab edirəm. Başlıq isə ritorik sualdır..
Faktın özünü isə mən özüm daha düzgün və obyektiv şərh edə bilərəm. Odur ki, başqa şərhlərə ehtiyac duymuram.
Rusiya böyük dövlətdir və qonşumuzdur. Hazırda kollektiv Qərblə qarşıdurma şəraitində olduğu üçün ona daha çox tərəfdaş, müttəfiq və dost lazımdır. Rusiya prezidentinin Azərbaycan Milli Məclisinin sədrinə belə bir müsbət jest etməsi də bununla bağlıdır.
Eyni zamanda, Putinin Azərbaycanda kimlərəsə orden və medal verməsi ənənəsi yeni deyil. Baş vermiş müəyyən hadisələr, xüsusilə də, təyyarəmizin bu ölkənin günahı ucbatından qəzaya uğraması dövlətlərimiz arasında müəyyən narazılıq yaratsa da, Rusiya tərəfi artıq üzr istəyib, kompensasiya və sığorta pulu da ödəyib. Orden vermə ənənəsinin davamı da, düşünürəm ki, normal münasibətləri bərpa etməyə və istiləşdirməyə hesablanıb.
Bu məsələdə Sahibə Qafarovanı suçlamaq, MM sədrini nələrdəsə ittiham etmək, bunun üzərində təbliğat kampaniyası qurmaq absurddur.
Bütün xalqlar dostdur. Dövlətlər arasındakı narazılıqlara, münaqişələrə görə məsuliyyəti də xalqlar daşımır. Sahibə Qafarovaya Azərbaycan və Rusiya xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi yolunda göstərdiyi xidmətlərə görə "Dostluq" ordeni verilibsə, buna ancaq sevinmək olar.
Ümumiyyətlə dostluq və düşmənlik əbədi deyil. Düşmənləri dost etmək üçün görülən bütün işlər təqdir olunmalıdır. Rusiya ilə Azərbaycan arasında problemlər olub, bu gün də var. Təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev öz prinsipial və sərt mövqeyini ortaya qoydu. Ədalət naminə deyək ki, Rusiya da bu mövqe ilə hesablaşdı. Xanım Qafarovaya orden verilməsi də dövlətimizin mövqeyinə və gücünə önəm verildiyinin təzahürlərindən biridir.
Nadir Qocabəyli