AZ

İqlim dəyişikliyi kosmosdakı peyklərimizi də təhdid edir

Müasir sivilizasiya və texnologiyalarımız Yer orbitindəki peyklərə əsaslanır. Lakin yeni bir araşdırmaya görə, 2100-cü ilə qədər Yer orbitinin bəzi bölgələrində peyklərin yerləşdirmə tutumu 66%-ə qədər azalacaq.

Valyuta.az xəbər verir ki, iqlim dəyişikliyi yalnız okeanlara, vəhşi təbiətə və kənd təsərrüfatına təsir göstərmir, həm də planetimizin ətrafındakı kosmosu dəyişdirir. Yeni tədqiqat, sera qazlarının Yerin üst atmosferinə təsirini araşdıraraq, bu qatın zamanla kiçilib daha az peyk saxlaya biləcəyini proqnozlaşdırır.

Atmosferin kiçilməsi və uzayda artan təhlükələr

Massaçusets Texnologiya İnstitutu (MIT) alimlərinin apardığı simulyasiya modellərinə əsasən, karbon emissiyalarının təsiri ilə alçaq Yer orbitində peyk yerləşdirmək çox çətinləşəcək. Üst atmosfer kiçildikcə, burada olan sürtünmə azalacaq, bu isə kosmik tullantıların yanıb məhv olma ehtimalını azaldacaq.

Yəni, kosmosda daha çox kosmik tullantı (uzay zibili) qalacaq və peyklərlə toqquşma riski artacaq. Bunun nəticəsində, orbitdəki peyklərin hərəkəti məhdudlaşacaq və kosmik missiyalar üçün ciddi risklər yaranacaq.

"Nature Sustainability" jurnalında yayımlanan araşdırmaya görə, 2100-cü ilə qədər sera qazlarının təsiri ilə ən çox istifadə edilən orbit bölgələrində peyklərin yerləşmə tutumu 50-66% azalacaq.

Atmosfer kosmik tullantıları məhv edə bilməyəcək

Bu problem Termosfer adlanan atmosfer qatında baş verir. Beynəlxalq Kosmik Stansiya və bir çox peyk bu təbəqədə yerləşir.

Hazırda alçaq Yer orbitində 10.000-dən çox peyk var. Karbon emissiyalarının artması ilə bu bölgədə peyklərin kosmik tullantılarla toqquşma ehtimalı yüksələcək. Beləliklə, kosmosda daha çox tullantı qalacaq və onlar orbitdə yanmadan fırlanmağa davam edəcək.

Bu vəziyyət orbitin təhlükəli bir bölgəyə çevrilməsinə səbəb ola bilər. Gələcəkdə peyklərin bu zonaya yerləşdirilməsi çətinləşəcək və kosmik gəmilərin buradan keçərkən zədələnmə riski artacaq.

İqlim dəyişikliyinin təkcə Yer üzündə deyil, kosmosda da ciddi nəticələr doğura biləcəyi bu araşdırma ilə bir daha sübut olunub.

Paşa Məmmədli

Seçilən
26
valyuta.az

1Mənbələr