AZ

U-23: Avropa çempionlarımız Bakıya qayıtdılar

Albaniyada keçirilən U-23 Avropa çempionatında komanda hesabında 1-ci yeri tutan sərbəst güləş millimiz vətənə qayıdıb.

Arena.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qitə çempionlarının qarşılanma mərasimi keçirilib.

Avropa çempionu Arseni Djioyev (86 kq) brifinqdə bunları deyib:

“Bizi qarşıladığınız və dəstəklədiyiniz üçün təşəkkür edirəm. Qızıl medal qazandığım üçün çox şadam. Azərbaycan Güləş Federasiyasına, eləcə də Gənclər və İdman Nazirliyinə təşəkkürümüzü bildiririk ki, bizə lazım olan bütün şərait yaradıldı. Yarışa yüksək səviyyədə hazırlaşdıq. Baş məşqçi Xetaq Qazyumovla böyük məşqçi Cəbrayıl Həsənova da xüsusi təşəkkürümü bildirirəm. Bütün bu dəstəyin fonunda komanda hesabında Avropa çempionu olduq. Bundan sonra Qubada təlim-məşq toplanışı keçib, böyüklərin Avropa çempionatına yollanacağıq”.

Avropa üçüncüsü Murad Haqverdiyev (65 kq) uğurunu belə şərh edib:

“Yarış çox ağır və gərgin keçdi. Tiranaya çempionluq üçün yollanmışdım, amma qismət olmadı. Əsas odur, medalsız qalmadım. İnşallah, qarşıdan gələn yarışlarda daha da güclü hazırlaşıb, Azərbaycan bayrağını daha da yüksəklərdə dalğalandıraram. Üzərimdə əziyyəti olan valideynlərimə, şəxsi məşqçim Faiq Xəlilova və milli komandanın məşqçilərinə minnətdarlığımı bildirirəm. Ötən il çiynimdən ağır əməliyyat olunmuşdum. Yarış qabağı təlim–məşq toplanışlarında çiynimdən yenə zədə aldım. Buna baxmayaraq, çətin də olsa, bu zədə ilə güləşdim. Belə fikirləşirəm ki, məni çempionluqdan məhrum edən elə çiynimin zədəsi oldu”.

U-23 Avropa çempionatını bürünc medalla başa vuran digər güləşçimiz Rəhman İmanov (57 kq) da ilk böyük uğurunun təəssüratlarını çatdırıb:

“Şükür Allaha, medalsız qayıtmadım. İlk görüşdə Rusiya güləşçisinə məğlub oldum. O finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxdım. Şimali Makedoniya güləşçisinə 11:0 hesabıyla qalib gəldim. Bürünc medal uğrunda qarşılaşma ağır keçdi. Ukraynalı rəqibimə 8:6 hesabıyla qalib gəldim. Bundan sonraki hədəfim dünya çempionatına maksimum hazırlaşıb, çempion olmaqdır”.

Tiranadan 9 medalla!

Xatırladaq ki, yarışa böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında yollanmış yığmamızın heyətində Arseni Djioyev (86 kq) qızıl medal qazanıb. Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş medalla kifayətləniblər. Rəhman İmanov (61 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıblar.

Seçilən
9
arena.az

1Mənbələr