Populyar “TikTok” bloqqeri Ratu Talisa İndoneziyada canlı yayım edərkən qalmaqal yaşanıb. Belə ki, o, İsanın şəkli ilə "danışıb". İsaya saçını kəsdirməyi məsləhət görüb.
Sfera.az bildirir ki, bloqqer iki il on ay həbs cəzasına məhkum edilib. Sumatra əyalətinin Medan şəhərindəki məhkəmə onu mübahisəli internet qanununa əsasən nifrətin qızışdırılmasında təqsirli bilib. Məhkəmənin qərarı bir neçə xristian qrupun Ratu Talisa qarşı küfrdə ittiham edərək polisə şikayət etməsindən sonra verilib.
442.000-dən çox izləyicisi olan transgender müsəlman qadın Ratu Talisa canlı yayımda izləyicilərdən biri ona daha çox kişi kimi görünmək üçün saçlarını kəsdirməsini təklif edib. Buna cavab olaraq o, telefonunun ekranındakı İsanın şəklinə dönüb, ona da bunu etməyi “məsləhət” edib.
Bunun ardınca bir neçə xristian qrupu onu küfrdə ittiham edərək polisə şikayət edib. Məhkəmə onun sözlərinin ictimai asayişi və dini harmoniyanı pozduğu qənaətinə gəlib.
Hökm insan haqları qruplarının, o cümlədən “Amnesty İnternational”ın tənqidinə səbəb olub. “Amnesty İndoneziya”sının icraçı direktoru Usman Hamid bunu "söz azadlığına şok hücum" adlandırıb və Talisanı dərhal azad etməyə çağırıb.
"İndoneziya səlahiyyətliləri sosial mediada şərhlərə görə insanları cəzalandırmaq üçün Elektron Məlumat və Əməliyyatlar (EIT) Aktından istifadə etməməlidirlər" - deyə Hamid bildirib. O, həmçinin hökuməti əxlaqsızlıq, böhtan və nifrətin qızışdırılmasını cinayət hesab edən qanun müddəalarına yenidən baxmağa çağırıb.
Qeyd edək ki, Elektron Məlumat və Əməliyyatlar (EIT) Aktı 2008-ci ildə qəbul edilib və 2016-cı ildə sərtləşdirilib. Bu, onlayn diffamasiya ilə mübarizə məqsədi daşıyır, lakin hüquq müdafiəçiləri qeyd edirlər ki, bundan çox vaxt söz azadlığını məhdudlaşdırmaq üçün istifadə olunur. “Amnesty İnternational”ın məlumatına görə, 2019-2024-cü illər arasında bu qanuna əsasən bloqqerlər və fəallar da daxil olmaqla 421 nəfər məhkum edilib.
