AZ

İftarda bu qidalardan uzaq durun – Diyetoloq

Ramazan ayında düzgün qidalanma uzunmüddətli aclıqdan sonra orqanizmin ehtiyaclarını balanslı şəkildə qarşılamaq baxımından böyük önəm daşıyır.
 
Bu sözləri Axar.az-a açıqlamasında diyetoloq Ceyhunə Yusifova oruc tutanlar üçün sağlam və balanslı qidalanma qaydaları barədə danışarkən deyib.
 
Diyetoloqun sözlərinə görə, orqanizmi birdən-birə yükləməmək üçün iftarda yüngül və balanslı qidalar seçilməlidir:
 
“Xurma təbii şəkər mənbəyi olduğu üçün qan şəkərini sağlam şəkildə bərpa edir. Su və ya limonlu ilıq su isə həzmi asanlaşdırır və bədəni nəmləndirir. Uzunmüddətli toxluq hissi yaratmaq üçün zülal və lifli qidalar – toyuq, balıq, yumurta, paxlalılar və tərəvəzlər önəmlidir.
Tam taxıllar – bulqur, qarabaşaq, qəhvəyi düyü kimi kompleks karbohidratlar enerjinin uzun müddət qorunmasına kömək edir, şorba mədəni yormadan həzmi rahatlaşdırır və bədənin su balansını tənzimləyir”.
 
Yusifova bildirib ki, gün ərzində enerjili qalmaq üçün imsakda protein, sağlam yağlar və kompleks karbohidratlara üstünlük verilməlidir:
 
“Yumurta, avokado, pendir, badam, qoz, fındıq uzunmüddətli enerji təmin edir, qatıq və kefir həzm prosesini yaxşılaşdırır və bağırsaq florasını qoruyur, tam buğda və ya çovdar çörəyi uzun müddət toxluq hissi yaradır. Su içmək vacibdir – iftar və imsak arasında ən az 8-10 stəkan su içilməlidir”.
 
Diyetoloq iftardan sonra həzm problemlərinin yaranmaması üçün bəzi məqamlara diqqət yetirilməli olduğunu qeyd edib:“Yağlı və qızardılmış qidalar həzm prosesini yavaşladır və mədəni yükləyir. Yeməyi yavaş və yaxşı çeynəmək həzmi asanlaşdırır. Şəkərli içkilər və qazlı sulara diqqət etmək lazımdır, çünki bu içkilər mədədə qaz yarada bilər. Həzm sistemini rahatlaşdıran nanə, zəncəfil və çobanyastığı çayları içmək olar. Yeməkdən dərhal sonra uzanmamaq və yüngül hərəkət etmək həzmi sürətləndirir və mədə problemlərinin qarşısını alır. Ramazan ayında sağlam qidalanmaya riayət edərək, həm enerjinizi qoruya, həm də həzm problemlərinin qarşısını ala bilərsiniz”.
Seçilən
19
3
referans.az

10Mənbələr