AZ

Dünya düzəni yenidən düşünülür: Yüzlərlə nüfuzlu şəxs Bakıda

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 13-15-də Azərbaycanın paytaxtında XII Qlobal Bakı Forumu keçiriləcək. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. Builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”.

Publika.az beynəlxalq gündəlikdə duran əsas məsələlərin müzakirəsi üçün mükəmməl platformaya çevrilən Forumun tarixinə qısa nəzər salır.

Bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak edəcəklər.

XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunacaq. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradacaq.

Forumda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında panellər təşkil olunacaq. Sülhə və barışığa töhfə verən ictimai xadimə 2025-ci il “Nizami Gəncəvi” Beynəlxalq Mükafatı təqdim ediləcək.

Bundan əlavə, “Sülhə gedən yol”, “Yeni dünya nizamında orta güclər” və “Sülh - münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası” mövzularında panellərlə yanaşı, Yaxın Şərq və Ukrayna-Avropa Birliyi məsələlərinə həsr olunmuş nahar sessiyaları keçiriləcək. “COP29:Belem üçün sıçrayış – Transformasiyanın sürətləndirilməsi” və “Avropanın gələcəyi” mövzuları gecə sessiyalarında müzakirə olunacaq.

Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzində olacaq. Xüsusilə, "Yeni dünya üçün yeni texnologiyalar", "Gender-Təhlükəsizlik-İqlim bağlantısı" və "Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr" panelləri bu istiqamətdə vacib mövzuları əhatə edəcək. Forumun ən diqqətçəkən hissələrindən biri isə gənclərin fikirlərinə həsr edilən "Gənclər danışsın, biz dinləyək" paneli olacaq.

Bu mühüm beynəlxalq tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verməyi hədəfləyir. Forum dünya liderlərini, nüfuzlu ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək, qlobal çağırışlara qarşı birgə həll yollarının müzakirə olunduğu vacib platforma rolunu oynayacaq. Müxtəlif regionlardan iştirakçıların qatılması forumun genişmiqyaslı təsirini və beynəlxalq arenada əhəmiyyətini, ölkəmizin beynəlxalq dialoqa verdiyi töhfəni və multilateralizmə sadiqliyini bir daha nümayiş etdirəcək. Bu, həm də Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir ölkə kimi rolunu gücləndirəcək.

Göründüyü kimi, ildən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir. Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumunda çıxışında bu məsələyə toxunaraq deyib: “Zənnimcə, bu dəfə iştirakçıların sayı rekord həddədir. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Beləliklə, biz coğrafiyanı da genişləndirmişik və qonaqlarımız arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir”.

Seçilən
5
publika.az

1Mənbələr