Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində 2023-cü il 3 oktyabr tarixində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilən Arayik Vladimiri Harutunyan məhkəmədə ifadəsində bildirib:
“Bilirdim ki, hansısa döyüş əməliyyatlarında iştirak ediblər. Daha çox “Arabo” haqqında bilirəm. Onun komandirlərindən birinin adı Manvel olub.”
Qeyd edim ki, erməni mənbələrində yer alan materiallardan məlum olur ki, batalyona “Arabo” adının verilməsi təsadüfi deyildi. Məlum olur ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində Osmanlı imperiyasının ərazisində türklərə qarşı terror, qətliamlar törətmək üçün formalaşdırılmış ilk erməni fədai dəstələrindən birinə Arabo adlı erməni başçılıq edirmiş. XX əsrin sonlarında Qarabağda azərbaycanlılara qarşı qəddar qətliamlar və soyqırım həyata keçirmək üçün formalaşdırılmış muzdlu dəstəyə də həmin erməninin adı verilib.
Erməni terror təşkilatı “Asala”nın düşərgələrində təlim və döyüş hazırlığı keçmiş 200-dən yuxarı erməni cəmləşmişdi Arabonun tərkibində.
Batalyonun aktiv əməliyyatları 1991-ci ildən başlayıb. Arabo” batalyonunun komandiri Manvel Yegizaryandır. Manvel Yeğiazaryan Vasili oğlu erməni mənbələrinə görə, Yevlax rayonu, Nemətabad kəndində 9 aprel 1960-cı ildə (Mingəçevir də ola bilər) anadan olub. Orta təhsillidir. Ermənistan Ali Sovetinin deputatı olub.
1992-ci ilin fevralında Xocavənd rayonunun Qaradağlı kəndində törədilmiş amansız qətliamın müəlliflərindən biri də məhz “Arabo” batalyonu idi.“Arabo” batalyonu da daxil olmaqla erməni muzdlularından ibarət dəstələr 366-cı alayla birlikdə Xocalıya hücum edib. Yer üzündən silinən bu şəhərin yüzlərlə dinc sakinini mühasirəyə alıb xüsusi amansızlıqla qıranlar arasında “Arabo” muzdluları da yer alırdı.
Erməni terrorçusu Monte Melkonyanın qardaşı Markar Melkonyan “Mənim qardaşımın yolu” adlı kitabında yazır:
“Arabo” və “Aramo”nun əsgərləri alovlar içində yanan əsgərlərin iniltilərindən vəcdə gələrək kəndə daxil oldular. Öldürülən və əsir düşən əsgərlərin silahlarını topladılar və evləri yağmalamağa başladılar. Kəndlilərə məxsus tonlarla buğda kisələri ilə yanaşı evlərdən topladıqları digər sərvətləri bir neçə maşına yüklədilər. Daha sonra kəndə od vurub yandırdılar. “Aramo” və “Arabo”nun əsgərləri onsuzda əsirlərdən öldürülmüş yoldaşlarının intiqamını almaq istəyirdilər. Bundan sonra onlar əsirləri bıçaqlamağa və avtomatla güllələməyə başladılar. Çapıqlı Edo da onlara qoşuldu.O, bir neçə yaralı əsgərin üstünə benzin tökərək onları atəşə verdi.”
Fotoya baxın. Azərbaycanlı əsiri əhatə edən ermənilərin terror dəstəsi olan Arabo üzvləridir. Əsir azərbaycanlını öz məzarını qazmağa məcbur edən isə Arabonun komandiri Manvel Yeqizaryandı. Həmin əsir anlayır ki, ona öz qəbrini qazdırıb sonra güllələyib həmin məzarda da basdıracaqlar. Ona görə də ömrünü az da olsa uzatmaq üçün ləng işləyir. Amma Manvel onu tələsməyə məcbur edir.
Ağdərə rayonunun Həsənqaya kəndi yaxınlığında Mehman Ələkbərovun məharətli manevri sayəsində erməni qüvvələri mühasirəyə alındı. 171 nəfər şəxsi heyyətə malik olan, ən axırıncı müasir silahlarla silahlanmış bu muzdlular dəstəsi 146 nəfərlik 123-cü rota tamamilə məhv edildi. Taborun komandiri M.Eqizaryan 3 nəfərlə hər şeyini atıb qaça bilmişdi.
Manvel Yegizaryan və onunla sağ qalanlar Ermənistana qaçır və hazırda da orada yaşayırlar. Mamvel Eqizaryan Qaradağlı və Xocalı soyqırımının birbaşa təşkilatçısı olub və bu tabor amansızlığı ilə tanınırdı. Ermənilər bu taborun məhvini 1994-cü ilə qədər gizlədirdilər. Lakin 1994-cü ildə Mamvel Enqibaryan taborunun məhv edildiyini etiraf etdi.
Ermənistan Respublikasının 2-ci dərəcəli "Döyüş xaçı" ordeni, Qondarma Dağlıq Qarabağ Respublikasının 2-ci dərəcəli "Döyüş xaçı" ordeni və "Artsax igidlərinə analıq təşəkkürü" xatirə medalı ilə təltif edilmişdir.
Bu şəxsin Azərbaycana təhvil verilib məhkəmədə mühakimə edilməsi çox vacibdir. Ermənistan tərəfi regionda sülh və gələcəkdə əmin amanlıq istəyirsə Vitalik ilə birlikdə Manveli də bizim məhkəmədə cavab verməsini təmin etməlidir.
Zaur Əliyev, tarixçi alim