AZ

Məzhəbsizlik niyə dinsizlik kimi təqdim olunur? - Tural İrfan yazır

Əslində məzhəbçilik qanunla qadağan olunmalıdır. Bütün məzhəbçi xütbə və moizələrdə, kitab və yazırlarda dövlətə bir xəyanət yatır, xalqı təfriqəyə, xurafata sürümək cəhdi yatır. Bəzən də bu xəyanət oyanır... Hər kəs öz məzhəbində ola bilər, amma məzhəbçi ola bilməz.
Allahın qadağan etdiyi məzhəbçiliyi yaşadanlar, fərqli əqidədə olan insanları üz - üzə qoyanlar, təfriqə, nifaq, ixtilaf törədənlər sonda ya ekstemist qruplara qoşulur ya xurafatçı olur ya da vətən xaini.
Dünyada heç bir məzhəbçi dövlətin, xalqın, cəmiyyətin, fərdin nicat tapdığını görən olmayıb.
Doğrudur, milli, dini, irqi ayrı-seçkilik konstitusiya ilə qadağan edilib. Amma məzhəbçilik davam edir, özlərini məzhəb mənsubları elan edənlərin təbliğat metodologiyasının mahiyyəti din və dini dəyərlərin təbliği deyil, məzhəbçilik təəssübü zəminində ixtilaf yaratmaqdır. Hamısının təməli də xaricdə qoyulub. Əksəriyyəti də ərəb şeyxlərə, fars ağalara təqlid edirlər.
Zamana, dövrə, qloballaşan dünyaya baxanda məzhəbçilik mağara dövrünün tayfabazlıq ənənəsi kimi görünür. Hər məzhəb əslində bir təşkilat, biri qurum, bir partiyadır. Hər məzhəbin bətnində doğulmamış, zəmin yaranan kimi doğulan mərkli bir siyasət var, ambissiya var, məram var. Heç də dünya üçün, cəmiyyət üçün faydalı məram deyil bu. İslama görə batil və haram yollarla ədalətə, haqqa çatmaq olmaz. Parçalanma, məzhəbçilik də haramdır. Bunu Quranda Uca Yaradan rəsmən əmr edib. Bu əmrdən çıxıb 72, sonra da 700 - dən artıq məzhəbə, təriqətə bölünənlər hansı həqiqətə çatmaq istəyirlər? Zəlalət və firaq yolu ilə, nifaq və ixtilaf vasitəsi ilə hansı haqqa, ədalətə çatmaq olar? Əlbəttə çatmaq olmaz. Ona görə də heç biri nicat tapmayıb, tapmayacaq da. Çünki Allah, insanları birləşdirmək, həmrəy etmək üçün göndərdiyi dini məzhəbçilər tikə - tikə edib parçalayıblar.
Məzhəbçilik dərinləşdikcə dünyəvi dövlətdə xalqın həmrəyliyinə, vəhdətinə, yeri gələndə dövlət naminə vahid məqsəd uğrunda çıxış etməsinə xələl gəlir, zərər vurulur.
Din, obyektiv və böyük mahiyyəti ehtiva edir, məzhəb isə subyektivdir, kiçikdir. Məzhəblərin ilkin yaranma səbəbi başqasını hədəf seçmək amalıdır. Heç bir məzhəb birləşdirici deyil.
İndi din xadimlərinin, ilahiyyatçıların, dinşünasların, dindarların demək olar ki, hamısı məzhəb üzərindədir. Məzhəbsizlik sanki dinsizlik kimi təqdim olunur. Çünki dinin əvəzinə xurafat din olub. Xurafat dininin qaydaları da belədir ki, mütləq gərək məzhəbin ola. Hətta təqlid etdiyin ağan, şeyxin, mürşidin, yəni səni otaran olmalıdır.
Təqlid sözünün mənası ərəbcə "boyuna salınmış halqa, kəndir, noxta, qantarğa" deməkdir. Mütləq başına qantarğa taxıb ipin ucunu ya ərəbə ya da farsa verməlisən. Bax buna din deyirlər!
Bəs Quran? Xeyr! Deyir, sən özün oxuyub başa düşməzsən. Gərək ağalar, şeyxlər anlatsınlar! Guya "şeyxi olmayanın şeyxi şeytan"mış... Elə bu sözü deyənin özü şeytanmış əslində. Allahın göndərdiyi Peyğəmbər və Kitab olduğu halda haranınsa agenti, istismarçısı, xurafatçısı, mövhumatçı şeyxləri kimə lazımdır? Bəyəm İslamda, Quranda şeyxlərə, ağalara, xocalara tabe olun, deyə bir əmr var? Allaha, Peyğəmbərə qulaq asmaq deyilmirmi Quranda? Bəs bu məzhəblər, məzhəblərin də içində cərəyanlar, mərcələr, təriqət və camaatlar hansı dinin törəməsidir?
Əsl din xadimi, əsl ilahiyyatçı odur ki, danışanda, təbliğ edəndə hansısa məzhəbə qulluq etsə belə, onun məzhəbi bilinməsin. Hərə öz məzhəbini din hesab edir. Əslində isə belə deyil. Ölkədə də məzhəblərin yox, dinlərin təbliğatına icazə verilir. Yoxsa hərə özünü İslama isnad edib gündə bir məzhəb peydahlayacaq və müsəlman adı ilə ziddiyət, təfriqə, ixtilaf salacaq?.. Buna nə qanun, nə də din yol vermir.
Tural İrfan, ilahiyyatçı yazar
All reactio
Seçilən
1
news365.az

1Mənbələr