AZ

Məşhur restoranda xanım ofisiantı döyən sahibkar azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsinin xuliqanlıqda təqsirləndirilən Fərid Tahirovun (soyadı şərti) barəsindəki hökmdən yenidən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Tribunainfo.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti təmin edilməyib, Nizami Rayon Məhkəməsinin çıxardığı 5 ay müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib. Belə ki, Fərid Tahirova 3 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunub.

İttihama görə, hadisə 26 noyabr 2024-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 265 ünvanında yerləşən “Sarf” restoranda qeydə alınıb.

 

Fərid Tahirov icarə əsasında işlətdiyi sözügedən restoranda orada ofisiant kimi fəaliyyət göstərmiş Samirə Məcidovanı (soyadı şərti) döyməkdə ittiham edilib.

 

Belə ki, sahibkar restoranda Samirənin “TikTok” sosial şəbəkəsində canlı yayım açdığını görüb. O, ofisiant xanıma əsəbiləşib və “sən sabahdan istirahətdəsən” deyib. Hadisənin səhəri günü Samirə gündəlik 20 manat əmək haqqısını almaq üçün Fəridin yanına gəlib. Sahibkar isə işdən qovduğu xanım işçisinin maaşını ödəməkdən imtina edib. Zərərçəkmiş qadın sahibkara “haram xoşun olsun” deyib. Bu zaman Fərid restoranda olan müştərilərin yanında Samirənin üstünə hücum edərək onu təhqir edib. Daha sonra sahibkar xanım ofisiantın üzünə qapını çırparaq, yumruqla baş nahiyəsinə zərbə vurub. Nəticədə Samirə baş və bədənin müxtəlif nahiyələrindən zədə alaraq xəstəxanaya yerləşdirilib.

 

Nizami Rayon Məhkəməsinin hökmü ilə Fərid Tahirov Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalından dərhal həbs olunmuşdu.

 

Seçilən
0
1
tribunainfo.az

2Mənbələr