AZ

Tyerri Anri “Qızıl top”a əsas namizədini açıqladı

Fransalı keçmiş hücumçu Tyerri Anri “Barselona”nın braziliyalı cinah hücumçusu Rafinyanı “Qızıl top”a ən layiqli namizəd hesab edir.

Arena.az Anrinin müvafiq qənaətini təqdim edir:

“Mənim üçün nömrə “1” – Rafinyadır. O, hamını qabaqlayır. Həmçinin Məhəmməd Salahın, Harri Keynin imkanı var. Bəlkə Usman Dembele də imkanlıdır”, deyə Tyerri Anri vurğulayıb.

Xatırladaq ki, Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün bütün yarışlarda 41 oyun keçirib, 27 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 128 oyun, 47 qol və 44 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 31 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
2
arena.az

1Mənbələr