AZ

Putin hərbi formasını geyindi - Atəşkəs, yoxsa yeni müharibəyə HAZIRLIQ...

ABŞ və Ukrayna arasında Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda müvəqqəti atəşkəsə dair razılıq əldə olunub. ABŞ administrasiyası bunu Prezident Donald Trampın xarici siyasətdəki əsas uğurlarından biri hesab edir. Müvəqqəti atəşkəs təklifi bu gün Rusiyaya təqdim ediləcək.

Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bildirib. Bu atəşkəs yalnız Rusiya tərəfindən dəstəkləndiyi halda qüvvəyə minəcək. Vaşinqton Moskvanın qarşılıqlı razılığının sülhə nail olmaq üçün əsas şərt olduğunu vurğulayıb.

Lakin bu təklifin uğurla həyata keçirilib-keçirilməyəcəyi sual altındadır. Avropada bəzi siyasətçilər bu cür sürətli atəşkəs qərarının Rusiyaya yeni üstünlüklər qazandıra biləcəyindən ehtiyatlanır. Bəzi ekspertlər deyir ki, Moskva atəşkəsi öz xeyrinə istifadə edərək qüvvələrini toplayacaq və danışıqları uzatmaq imkanı qazanacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ rəsmilərini Rusiyaya etibar etməməyə çağırıb. O, Moskvanın əvvəllər də atəşkəs və sülh sazişlərini pozduğunu xatırladıb. Lakin Tramp Zelenskinin bu narahatlıqlarını nəzərə almır, o, Ukraynanın təhlükəsizliyinin təmin ediləcəyinə söz verib. Tramp Putinin başqa seçiminin olmadığını qeyd etsə də, bunun necə baş verəcəyinə dair detalları açıqlamayıb.

Bununla belə, ABŞ administrasiyası Ukraynaya hərbi və kəşfiyyat yardımlarını bərpa edəcəyini elan edib. Hər ay 2 milyard dollarlıq silah yardımı davam edəcək və Vaşinqton yenidən Kiyevlə kəşfiyyat məlumatlarını paylaşacaq.

Tərəflər danışıqların davam etdirilməsi və Ukraynanın uzunmüddətli təhlükəsizliyinin təmin edilməsi üçün yeni işçi qruplar yaradacaq. ABŞ bu təklifləri Rusiya ilə müzakirə edəcəyini bildirib. Ukrayna isə Avropa ölkələrinin də sülh prosesinə cəlb olunmasını vacib hesab edir.

Eyni zamanda, ABŞ və Ukrayna arasında kritik mineralların hasilatı ilə bağlı iqtisadi saziş müzakirə olunub. Bu razılaşmaya əsasən, ABŞ şirkətləri Ukraynanın təbii sərvətlərindən gəlir əldə edəcək. Tramp hesab edir ki, Amerikanın iqtisadi maraqlarının Ukraynada olması Rusiyanı gələcəkdə işğaldan çəkindirə bilər.

Bütün bu proseslərin fonunda əsas sual açıq qalır: Rusiya bu atəşkəs planına razı olacaqmı? Bu, müharibənin uzunmüddətli sülhlə bitməsi üçün yeni bir mərhələ, yoxsa sadəcə müvəqqəti bir fasilə olacaq?

Hər bir halda, Putinin ötən gün hərbi geyimdə Kurska verdiyi mesaj önəmlidir. O, atəşkəs danışıqları fonunda güc nümayiş etdirmək mesajı verib. Bu addım Rusiyanın hərbi mövqeyindən geri çəkilməyəcəyini və danışıqlar zamanı sərt şərtlər irəli sürəcəyini göstərir. Bu görüntülər Kremlin həm daxili auditoriyaya, həm də Qərbə "Rusiyanın güzəştə getməyə hazır olmadığı" siqnalını vermək məqsədi daşıyır. Bu, həm də Moskvanın Ukrayna ilə hər hansı atəşkəsə razı olacağı təqdirdə belə, hərbi gücünü qoruyacağını göstərən bir mesaj kimi dəyərləndirilə bilər.

Seçilən
3
modern.az

1Mənbələr