Qastroenterit daha çox "mədə qripi" kimi tanınan, mədə və bağırsağın selikli qişasına təsir edən iltihablı bir xəstəlikdir. Bağırsaqlarda həzm və qida maddələrinin sorulması proseslərini pozur, ishala yaxud qəbizliyə səbəb olur. İltihab həm də bağırsaqlardakı sinir uclarını qıcıqlandırır ki, bu da qarın ağrısı, ürəkbulanma və qusma ilə özünü büruzə verir.
Mütəxəssislər deyir ki, sözügedən xəstəliyin əsas səbəbləri viral, bakterial və parazitar infeksiyalar, mədə və bağırsağın selikli qişasını qıcıqlandıran dərmanların və ya qeyri-steroid iltihab əleyhinə dərmanların nəzarətsiz və ya uzun müddətli istifadəsidir. Bəzi hallarda qastroenterit qida allergiyası nəticəsində də ortaya çıxır. Stress, ədviyyatlı, yağlı və qızardılmış qidaların bolluğu kimi pis qidalanma da xəstəliyi inkişaf etdirir.
Əksər hallarda qastroenterit bir neçə gün ərzində yox olur, ancaq bəzən xəstəliyin fəsadları irəliləyir- dehidrasiya, bağırsaqlarda disbioz və nəticədə xroniki həzm problemləri. Bədən istiliyiniz yüksəlirsə (38,5 dərəcədən), qusmada və ya nəcisdə qan, habelə susuzlaşdırma əlamətləri görünsə, dərhal həkimə müraciət etməlisiniz: quru ağız, nadir hallarda sidiyə getmə, zəiflik, batıq gözlər.
Həmçinin, bir uşaq və ya hamilə qadın xəstələndikdə təcili tibbi yardım mütləq lazımdır. Bəzən əlavə müayinələr tələb olunur - ümumi və biokimyəvi qan testləri, patogen mikroflora üçün nəcis testləri. Həmin problemin müalicəsi onun səbəbindən, eləcə də simptomların şiddətindən asılıdır.
Qastroenteritlərin qarşısını almaq üçün gigiyena qaydalarına riayət etmək, yeməkdən əvvəl əlləri mütləq yumaq və yalnız təmiz su içmək vacibdir. Rotavirusa (xüsusən uşaqlarda qastroenteritə səbəb olan bir neçə virusdan biridir) qarşı peyvənd almaq da faydalı ola bilər.
Zərintac MayisqızıMissiya.Az