2024-cü ildə “Yelo Bank”ın vaxtı keçmiş kreditləri 28,62 milyon manata yüksəlib.
Valyuta.az-ın hesablamasına görə, bu, 2023-cü illə müqayisədə 16,7% və ya 4,09 milyon çoxdur. 2023-cü ildə bankın vaxtı keçmiş kreditləri 24,53 milyon manat təşkil edib.
Vaxtı keçmiş kredit protfelinin “şişməsinə” səbəb istehlak kreditləri olub. Belə ki, vaxtı keçmiş istehlak kreditləri əvvəlki illə müqayisədə ötən il 2 dəfədən çox və ya 4,48 milyon manat artaraq 8,49 mln. manata bərabər olub.
Bu dövrdə Bankın vaxtı keçmiş biznes kreditləri 0,4% artaraq 19 milyon manata yüksəlib. Vaxtı keçmiş daşınmaz əmlak kreditlərində isə əksinə, azalma müşahidə edilib. Sözügedən portfel 30% azalaraq 1,12 milyon manata enib.
“Yelo Bank”ın problemli kreditləri isə son bir ildə 1,8 mln. manat artaraq 22,68 mln. manata yüksəlib. Hesabat dövründə bankın ümidsiz kreditləri, yəni 1 il və daha artıq müddətdə gecikdirilən kreditləri 13,23 mln. manatı ötüb.
Qeyd edək ki, 90 gündən artıq gecikdirilən kreditlər problemli kreditlər hesab edilir. Hesablama zamanı vaxtı keçmiş kreditlər deyilərkən 30 gündən artıq gecikdirilən kreditlər nəzərə alınıb.