Vladimir Putinin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif etməsi diqqət çəkib...
Politoloq: “Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif etməsi Rusiyanın münasibətlərdə müəyyən düzəlişlər etməyə çalışdığını göstərir”.
“Rusiya sığorta şirkətinin kompensasiya ödəməsi bu məsələdə Azərbaycanın haqlı olduğunu bir daha nümayiş etdirir”.
Bu sözləri politoloq Kamran Məmmədli Rusiya-Azərbaycan münasibətlərini Poliqon-a şərh edərkən qeyd edib.
Rusiya prezidenti Vladimir Putinin Moskva və Bakı arasındakı mövcud gərginlik fonunda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif etməsi diqqət çəkib. Parlamentin sədrinin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə ali mükafata layiq görüldüyü bildirilib. Bir neçə gün öncə Rusiyanın “AlfaSığorta” şirkətinin qəzaya görə sığorta kompensasiyasını tam ödədiyi açıqlandı. Məhz bundan sonra Azərbaycan Milli Məclisinin sədrinin təltif edilməsi Moskvanın Bakı ilə gərginliyi aradan qaldırma təşəbbüsü kimi qiymətləndirilir.
Bəs, Rusiya ilə təyyarə ilə bağlı insident öz həllini tapıbmı və son zamanlar Rusiya-Azərbaycan münasibətlərini necə dəyərləndirmək olar?
Mövzunu Poliqon-un əməkdaşı politoloq Kamran Məmmədli ilə müzakirə edib.
Kamran Məmmədli: “Əgər Rusiya səhvini anlayaraq münasibətlərin yenidən bərpası üçün çalışırsa, bu Azərbaycan tərəfi üçün də xoşdur”.
Azərbaycanın Rusiya ilə əlaqələrində əsas prioritetin həmişə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq olduğunu xatırladan politoloq Poliqon-a açqılamasında qeyd edib ki, rəsmi Bakı, Cənubi Qafqazda sabitliyin və inkişafın davamlı olması üçün Rusiya ilə konstruktiv əməkdaşlığı dəstəkləyir:
“Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif etməsi Rusiyanın münasibətlərdə müəyyən düzəlişlər etməyə çalışdığını göstərir. Son zamanlarda Moskva və Bakı arasında müəyyən gərginliklər olsa da, belə diplomatik jestlər münasibətləri sabit saxlamaq və strateji tərəfdaşlığı qorumaq anlamı daşıyır.
Eyni zamanda, Rusiya sığorta şirkətinin kompensasiya ödəməsi bu məsələdə Azərbaycanın haqlı olduğunu bir daha nümayiş etdirir. Azərbaycanın Rusiya ilə əlaqələrində əsas prioritet həmişə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq olub. Rəsmi Bakı, Cənubi Qafqazda sabitliyin və inkişafın davamlı olması üçün Rusiya ilə konstruktiv əməkdaşlığı dəstəkləyir.
Onsuz da, bu son insident olmamışdan öncə də , münasibətlər normal məcrada davam edirdi. Münasibətlərin gərginləşməsində də səbəbkar Azərbaycan tərəfi deyil idi. Bu baxımdan, əgər Rusiya səhvini anlayaraq münasibətlərin yenidən bərpası üçün çalışırsa, bu Azərbaycan tərəfi üçündə xoşdur”.
Nərminə UMUDLU
Poliqon.info