Müasir dünyada məlumat çoxluğundan manipulyasiya aləti kimi istifadə olunur.
“Report” xəbər verir ki, bu barədə Latviyanın sabiq Prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa XII Qlobal Bakı Forumunun açılış mərasimində danışıb.
O, Qlobal Bakı Forumu təşəbbüsünə görə Prezident İlham Əliyevə təşəkkür edib:
“Bu platforma dünyanın fərqli yerlərindən insanların birləşməsi, fikir mübadiləsi aparması üçün böyük önəm daşıyır. Biz həqiqətndən sonrakı dövrdə, məlumatın çox olduğu dünyada yaşayırıq. Bu məlumatlar isə manipulyasiya alətinə çevrilir”.
Vayra Vike-Frayberqa dünyanın ciddi böhranla üzləşdiyini vurğulayıb:
“Corc Oruelin “1984” əsərində sözlərin mənalarının dəyişməsi açıq şəkildə göstərilir. Müasir dünyada da sözlərin mənası dəyişdirilir, təhrif olunur və bu, ciddi problemdir.
Sergey Lavrov müharibə başlamadan əvvəl açıqlamalar verirdi ki, Rusiyanın Ukraynaya hücum etmək niyyəti yoxdur. “Bu, insanların şayiələridir”, - demişdi. Ancaq həmin vaxt onlar Ukrayna ilə sərhədə qoşun yığırdılar. Bütün bunlar sözlərin mahiyyətinin dəyişdiyini göstərir”.