Bir çox valideynlər övladlarının dərsə getdiyi üçün Ramazan ayında oruc tutmasına icazə vermir. Onların fikrincə, oruc tutmaq dərs prosesinə mənfi təsir göstərə bilər və uşaqlar təhsildən geri qala bilərlər.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, əgər bir insanın oruc tutmağa gücü çatırsa, onun bu ibadəti yerinə yetirməsinə heç kim mane olmamalıdır:
“Həddi-büluğa çatan hər bir insan oruc tutmalı və ibadətini yerinə yetirməlidir. Orucun vacib şərtlərindən biri də budur ki, sağlamlığı yerində olmayan və ya səfərdə olan şəxslər oruc tutmaya bilərlər. Əgər bir insanın oruc tutmağa gücü çatırsa, onun bu ibadətinə heç kim mane olmamalıdır.
Valideynlərin narahatlığını başa düşsək də, onlar anlamalıdırlar ki, övladlarının sağlamlığı oruc tutmağa imkan verirsə, buna mane olmamalıdırlar. Bəzi gənclər oruc tutmaq istəsə də, valideynlərinin icazə verməməsi səbəbindən gərginlik və narahatlıq hiss edirlər. Buna görə də valideynlər həm övladlarının sağlamlığını, həm də mənəvi ehtiyaclarını nəzərə almalı və onlara bu məsələdə dəstək olmağa çalışmalıdırlar”.