“Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, son illər ərzində çox əla işlər aparmışdır və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
Dövlət başçısı bildirib: “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Orada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur”.
***
İlham Əliyev, həmçinin bildirib ki, COP29-da olan işlər, onun Azərbaycanda keçirilməsi qərarı düşünürük ki, çox məsuliyyətli, ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi.
“Mən bir daha qeyd etmək istəyirəm ki, ölkədə nəinki enerji təchizatı çatışmazlığı yoxdur, əksinə, bu gün ölkəmiz onlarla ölkələrə enerji ixrac edir, 12 ölkəyə təbii qaz ixrac olunur. Onlardan 10-u Avropa ölkəsidir və təsadüfi deyil ki, ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi tanınır”, - dövlət başçısı vurğulayıb.
***
Dövlət başçısı qeyd edib ki, biz dörd il ərzində Qoşulmama Hərəkatında sədrlik etdik, təşkilatda 120 ölkə var. Biz COVID dövründə müxtəlif vəziyyətlərdə üzv dövlətlərə dəstək verirdik. Humanitar və maliyyə yardımına gəldikdə, 80-dən artıq ölkəyə kömək etdik.
Dövləti başçısı bildirib: “Eyni zamanda, biz Avropadakı tərəfdaşlar ilə fəal əlaqələri saxlayırdıq. Bütün bunlar bir növ Qlobal Cənub ilə Qlobal Şimal arasında körpülərin salınmasına bənzəyirdi”.
***
Azərbaycan Prezidenti vurğulayıb ki, Bakıda keçirilən COP29 “Bakı sıçrayışı” kimi adlandırıldı və bu da orada qalan bir irsdir.
“Əfsuslar olsun, deməliyəm ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu. Bunlar arasında ABŞ-ın Dövlət Departamentinin saxta xəbərlər yayan “Washington Post”, “New York Times”, “News Week”, “Politico”, “Associated Press”in, Fransanın Prezident ofisinin “Le Figaro” və “Le Monde” qəzetləri oldub”, - dövlət başçısı qeyd edib.
***
İlham Əliyev qeyd edib ki, Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq.
“Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistan təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar”, - deyə dövlət başçısı əlavə edib.