AZ

Deklan Rays: “Çempionluq yürüşü hələ bitməyib”

“Arsenal”ın 26 yaşlı ingiltərəli mərkəz yarımmüdafiəçisi Deklan Rays İngiltərə Premyer Liqasında çempionluğa iddialıdır.

Arena.az Raysın müvafiq fikrini təqdim edir:

“Bütün mövsüm ərzində əla görünən “Liverpul”un layiq olduğu haqqını vermək gərəkdir. Amma bu, hələ son deyil”, deyə Rays “topçular”ın da iddiasını ortaya qoyub.

Hazırda, 29 oyundan 70 xalla “Liveprul” İngiltərə Premyer Liqasının yarış cədvəlinə başçılıq edir. 2-ci pillədə qərarlaşmış, “qırmızılar”ın ən yaxın təqibçisi “Arsenal” isə 28 oyundan 55 xal toplayıb.

Xatırladaq ki, Deklan Rays futbola “Çelsi”də qədəm qoyub. Amma hələ yeniyetmə ikən “zadəganlar”ın düşərgəsindən “Vest Hem”ə keçmiş Rays “çəkicdöyənlər”in uğurları üçün çalışıb.

Rays “Arsenal”a 2023-cü ilin iyulunda 116,6 milyon avro məbləğ müqabilində “Vest Hem”dən keçib. “Dayaqçı”nın “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rays “Arsenal”ın heyətində 38 oyun keçirib, 4 qol vurub, 8 məhsuldar ötürmə verib. Raysın “topçular”ın heyətində çıxışının ümumi mənzərəsi 90 oyun, 12 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Rays 2019-cu ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 62 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. “Üç şir”ə qədər Rays irland köklərinə əsaslanaraq İrlandiya yığması üçün oynayıb, aşağı yaş yığmaları ilə yanaşı, əsas yığmada da 3 oyun keçirib.

Deklan Raysın qənimətlər muzeyində “Vest Hem”lə qazandığı Konfrans Liqası (2022/2023) və “Arsenal”la qazandığı İngiltərə Super Kuboku (2023/2024) var. Həmçinin Rays 2022/2023-cü illər mövsümü üçün “Vest Hem”in ilin oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli dayaq yarımmüdafiəçisinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
2
arena.az

1Mənbələr